“Türk dünyasının əvəzsiz məkanlarından olan Bakıda toplantımızın keçirilməsi Türk Dövlətləri Təşkilatının oktyabr ayında Ankarada keçiriləcək 13-cü Dövlət Başçıları Zirvəsinə bir hazırlıqdır. Qazaxıstanda başlayıb Azərbaycanda davam edən, bundan sonra isə digər türk dövlətlərinin şəhərlərində keçiriləcək panel iclasların əsas məqsədi həm dialoqu gücləndirmək, həm də Zirvə Görüşü ərəfəsində fikir bazasını formalaşdırmaqdır”.
Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müavini, professor doktor Ferhat Pirinççi Bakıda keçirilən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclasında deyib.
O qeyd edib ki, TDT-nin regionda və dünyada artan rolu mövcud əməkdaşlıq potensialından daha səmərəli istifadəni zəruri edir.
“Biz mövcud əməkdaşlıq potensialından daha səmərəli istifadə etməliyik. Türk dünyasının bundan sonra da böyük uğurlara imza atacağına əminəm”, - deyə F.Pirinççi vurğulayıb.
F.Pirinççi 15 sentyabrın Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıdığını da qeyd edib. O bildirib ki, bu tarix Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını işğaldan azad etdiyi gündür.
“Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”, - deyə o əlavə edib.