“Bir çox hallarda Azərbaycan-Türkiyə münasibətlərini pozmaq, kölgə altına salmaq istiqamətində dezinformasiyalara əl atılır”.

Metbuat.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkil etdiyi "Türk dünyası dialoqlar: Ortaq gələcək, ortaq vizyon" adlı paneldə çıxışı zamanı deyib.

F.Şəfiyev iki ölkə arasındakı müttəfiqlik əlaqələrini hədəf alan təxribatlara qarşı diqqətli olmağın vacibliyini vurğulayıb. Mərkəz rəhbəri bildirib ki, Azərbaycan Yaxın Şərqdə vasitəçilik missiyasını həyata keçirərkən hər zaman Türkiyənin mövqeyini və maraqlarını nəzərə alır. O, İsrail-Türkiyə münasibətlərindəki vasitəçiliyi və İsrail parlamentində uydurma “erməni soyqırımı” mövzusuna qarşı atılan addımları bu koordinasiyanın bariz nümunəsi kimi göstərib.

F.Şəfiyev xarici siyasətdəki məsləhətləşmələrin artıq Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də vahid mövqedən çıxış etmək məqsədilə aparıldığını diqqətə çatdırıb.