İngiltərədə ərinin ölümündən sonra evini boşaldan qadın illərdir saxlanılan peçenye qutusundan külli miqdarda qızıl sikkə tapıb.

Metbuat.az xəbər verir ki, qutunun içindən 41 ədəd Cənubi Afrika qızıl krüqerrandı və 21 ədəd Britaniya qızıl suveren sikkəsi çıxıb.

Sikkələr hərracda ümumilikdə 113 min funt sterlinqdən çox qiymətə satılıb. Krüqerrandlar 100 min, Britaniya suverenləri isə 13 min funt sterlinqə alıcı tapıb.

Məlum olub ki, qadının mərhum əri qızılları 1970-ci illərdə, iqtisadi durğunluq və yüksək inflyasiya dövründə investisiya məqsədilə alıb. O, bu sərvət barədə heç kimə məlumat verməyib.

Penzance şəhərindəki “Lay’s Auctioneers” hərrac evinin mütəxəssisi David Lay evdə əşyaları araşdırarkən qeyri-adi dərəcədə ağır peçenye qutusuna diqqət yetirib.

Onlar qutunu açdıqda gümüş sikkələrin altında xüsusi qablaşdırmada saxlanılan qızılları və onların orijinal alış qəbzlərini aşkarlayıblar.

Sikkələrin 1975-ci ildə hər biri 70-80 funt sterlinqə alındığı bildirilir. Təxminən 50 il sonra həmin investisiyanın dəyəri 113 min funt sterlinqdən çox olub.