Yaponiyada aparılan yeni araşdırma qəhvə içmədən, sadəcə təzə dəmlənmiş qəhvənin qoxusunu iyləməyin belə insanın psixoloji vəziyyətinə təsir göstərə biləcəyini ortaya qoyub.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma Şova Əczaçılıq Universitetinin alimləri tərəfindən aparılıb.
Tədqiqatda 20-29 yaş aralığında olan könüllülərin yalnız qəhvə aromasına məruz qaldıqları zaman beyin fəaliyyəti, ürək ritmi və psixoloji vəziyyətləri izlənilib.
Məlum olub ki, cəmi 5 dəqiqə qəhvə qoxusuna məruz qalmaq iştirakçılarda narahatlıq, yorğunluq, çaşqınlıq və əhval-ruhiyyənin aşağı olması ilə bağlı göstəriciləri əhəmiyyətli dərəcədə azaldıb.
Tədqiqatçılar qəhvə aromasının insanda ani enerji artımı yaratmaqdan daha çox, yığılan stressi və mənfi emosiyaları sürətlə azaltdığını bildiriblər.
Portativ cihazlarla aparılan ölçmələr zamanı qəhvə qoxusunun beyin dalğalarında rahatlama göstəricisini artırdığı müəyyən edilib.
Bununla yanaşı, iştirakçıların ürək döyüntüsü və ürək ritminin dəyişkənliyində əhəmiyyətli fərq qeydə alınmayıb.
Mütəxəssislərin fikrincə, bu təsir kofeinin fiziki stimullaşdırıcı xüsusiyyətlərindən deyil, qoxu duyğusunun yaddaş və emosiyalarla sıx əlaqəsindən qaynaqlana bilər.