Avropa İttifaqında uşaqların sosial şəbəkələrdən istifadəsinə yeni məhdudiyyətlərin tətbiqi təklif olunur.

Metbuat.az xəbər verir ki, Avropa Komissiyasının təqdim etdiyi “EU Kids Act” layihəsi 13 yaşına çatmayan uşaqların sosial şəbəkələrdən müstəqil istifadəsinin qadağan edilməsini nəzərdə tutur.

Layihəyə əsasən, bu yaş qrupundakı uşaqlar yalnız valideyn və ya qəyyumun idarə etdiyi hesablar vasitəsilə onlar üçün nəzərdə tutulmuş onlayn xidmətlərdən yararlana biləcəklər.

13-15 yaşlı yeniyetmələr üçün isə valideyn hesabına bağlı xüsusi profillərin yaradılması təklif edilir. Belə hesablarda tanımadıqları şəxslərlə əlaqə məhdudlaşdırılacaq və gündəlik ekran vaxtının bir saata qədər azaldılması kimi təhlükəsizlik tədbirləri tətbiq oluna bilər.

Yeniyetmələrin müstəqil sosial şəbəkə hesabı yaratmasına 15 yaşdan etibarən icazə verilməsi nəzərdə tutulur.

Yeni qaydalar təkcə sosial şəbəkələri deyil, video platformaları, onlayn oyunları, süni intellekt əsaslı virtual yoldaşları və çat-botları da əhatə edəcək. 18 yaşadək istifadəçilərin profillərinin standart olaraq məxfi saxlanılması, geolokasiya, kamera və mikrofona girişin məhdudlaşdırılması, həmçinin asılılıq yarada bilən funksiyaların qadağan edilməsi təklif olunur.