Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşündə pilotlar Bakı trasında bir sıra çətinliklərlə üzləşiblər.
Metbuat.az xəbər verir ki, “McLaren” pilotu Oskar Piastrinin bolidi mümkün zədələnməyə görə pitdə yoxlanılıb. Komanda yoxlamadan sonra Piastrinin maşınında zədə aşkarlamayıb və pilot sessiyanı davam etdirib. Lando Norrisin bolidinin ön hissəsində isə zədə müəyyən edilib. Trasda Corc Rassell də təhlükəli an yaşayıb. O, üçüncü döngədə əyləcləmə zamanı bolidə nəzarəti itirmək təhlükəsi ilə üzləşib və son anda təhlükəsizlik zonasına yönələrək divara çırpılmaqdan yayınıb. Maks Verstappen də birinci döngədə təkərləri kilidləyib. Daha sonra yumşaq təkərlərlə sürətli dövrəyə başlayan niderlandlı pilot 5 və 6-cı döngələrdə bolidin qeyri-sabit davranması səbəbindən cəhdini yarımçıq saxlayıb.
Kimi Antonellinin bolidində də trasın nahamar hissələrində güclü sıçrayış və qığılcımlar müşahidə olunub. Niko Hülkenberq isə Antonellinin nəticəsindən 0,656 saniyə geri qalaraq altıncı pilləyə yüksəlib.