Türkiyə Super Liqasında hakim təyinatları ilə bağlı diqqətçəkən qərar qəbul edilib. Çempionat tarixində ilk dəfə əcnəbi hakim qarşılaşmalara təyinat verən heyətdə yer alacaq.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Super Liqanın 7-ci turunda keçiriləcək oyunlara hakim təyinatlarını İngiltərədən olan Entoni Teylor və onun köməkçiləri müəyyənləşdirəcək.

İngiltərə Premyer Liqasında fəaliyyət göstərən Teylor bu mövsüm artıq üçüncü dəfə Türkiyə çempionatında hakim təyinatlarında iştirak edəcək. O, daha əvvəl 3-cü və 4-cü turlarda keçirilən qarşılaşmalar üçün hakimləri müəyyənləşdirib.

Bu qərar Türkiyə futbolunda ilk kimi tarixə düşəcək. İndiyədək ölkə çempionatında əcnəbi hakimlərin meydanda oyun idarə etməsi, eləcə də VAR otağında fəaliyyət göstərməsi ilə bağlı nümunələr olub. Lakin hakim təyinatlarını müəyyənləşdirən heyətdə əcnəbi hakimin yer alması ilk dəfə baş verəcək.

Super Liqanın 7-ci turunun oyunları sentyabrın 26-dan 29-dək keçiriləcək.

Turun proqramına əsasən, “Qalatasaray” – “Kocaelispor”, “Trabzonspor” – “Rizespor”, “Konyaspor” – “Samsunspor”, “Qaziantep FK” – “Alanyaspor”, “Eyüpspor” – “Antalyaspor”, “Kasımpaşa” – “Fənərbağça”, “Göztəpə” – “Başakşehir” və “Beşiktaş” – “Bodrum FK” qarşılaşmaları keçiriləcək.