İngiltərə Premyer Liqasında “Mançester Siti”nin maliyyə qaydalarını pozması ilə bağlı araşdırmanın nəticələri ölkənin Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi münasibətləri baxımından da diqqət çəkir.
Metbuat.az xəbər verir ki, klubun mümkün cəzalandırılması fonunda BƏƏ-nin İngiltərədəki təxminən 40 milyard dollarlıq investisiyalarının gələcəyi müzakirə olunur. “Forbes”in müəllifi Saymon Çadvikin yazısında BƏƏ rəsmilərinin klubun cəzalandırılması halında bəzi investisiyalarını yenidən nəzərdən keçirə biləcəyi bildirilir. BƏƏ-nin İngiltərədə texnologiya, infrastruktur və daşınmaz əmlak sahələrinə böyük həcmdə sərmayə yatırdığı qeyd olunur.
Qeyd edək ki, “Mançester Siti” Premyer Liqanın maliyyə qaydalarını pozmaqla bağlı 114 ittihamla üzləşib. Mümkün cəzalar arasında xalların silinməsi, çempionluqların ləğvi, böyük məbləğdə cərimə və liqadan kənarlaşdırılma da yer alır. Klubun sahibi Şeyx Mənsur bin Zayed Əl Nəhyan isə investisiyanın şəxsi xarakter daşıdığını və BƏƏ dövlətinin birbaşa dəstəyi ilə bağlı olmadığını irəli sürüb.