Bu ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) Ani Ödənişlər Sistemi (AÖS) ilə aparılan gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb.
Metbuat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, yanvar-sentyabr aylarında AÖS vasitəsilə 8,84 milyard manatlıq 102,15 milyon əməliyyat reallaşdırılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə dövriyyə 5,7 dəfə, əməliyyatların sayı isə 25,1 dəfə artıb.
AÖS vasitəsilə 24/7 rejimində real vaxtda həyata keçirilən ödənişlər maliyyə subyektləri və ödəniş xidməti təchizatçıları üçün vəsaitlərin çevik idarə olunmasını təmin edir. Sistemin təqdim etdiyi imkanlar və həllər ölkədə ödəniş ekosisteminin genişlənməsinə və yeni rəqəmsal ödəniş həllərinin yaranmasına zəmin yaradır.