Türkiyədə son günlər Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalar ciddi siyasi suallar doğurur. Oktyabrın 13-də Ankarada Azərbaycanın səfirliyi, İstanbulda isə baş konsulluğu qarşısında keçirilən aksiyalarda Azərbaycan əleyhinə şüarlar səsləndirilib. Xüsusilə Ankaradakı aksiyada məsələnin yalnız məktəbli geyimi və hicab mövzusu ilə məhdudlaşmadığı, Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı radikal çağırışların səsləndirildiyi müşahidə olundu.

Açıq-aşkar görünür ki, ayrı-ayrı qruplar konkret bir məsələni bəhanə edərək Azərbaycanın dövlətçilik modelini mübahisə obyektinə çevirməyə, cəmiyyətin həssas mövzuları üzərindən siyasi qarşıdurma yaratmağa çalışırlar. Günün əsas sualı budur: Türkiyə vətəndaşları olan bu şəxsləri Azərbaycanın daxili məsələləri ilə bağlı küçələrə çıxmağa nə vadar edir?

Metbuat.az xəbər verir ki, aksiyanın təşkilatçısı kimi adı çəkilən “Köklü Değişim” platformasının “Hizb ut-Təhrir”lə əlaqələndirilməsi, tədbirdə “xilafət” çağırışlarının səsləndirilməsi hadisənin arxasında sadəcə dini narazılığın dayanmadığını göstərir. Bu mənada İranın Azərbaycana qarşı illərdir apardığı ideoloji və informasiya mübarizəsi ilə belə aksiyaların məzmunu arasında paralellərin olması ciddi araşdırılmalıdır. İranın regionda dini amildən siyasi təsir vasitəsi kimi istifadə etməsi ilə bağlı narahatlıqlar fonunda baş verənlərə laqeyd qalmaq mümkün deyil. Aksiyada səslənən şüarlar, çıxışlarda irəli sürülən tezislər “Tehran ağzı”na daha çox uyğun gəlir.

Azərbaycan müstəqil, suveren və dünyəvi dövlətdir. Ölkənin daxili idarəçiliyi, qanunları, təhsil sistemi və dövlət quruluşu yalnız Azərbaycan xalqının və Azərbaycan dövlətinin müəyyən etdiyi hüquqi çərçivə daxilində müzakirə oluna bilər. Heç bir xarici qrup, hansı ideoloji və ya dini pərdəyə bürünməsindən asılı olmayaraq, Azərbaycanın necə idarə edilməli olduğunu diktə edə bilməz. Məktəblərdə tətbiq olunan qaydalarla bağlı müzakirələrin diplomatik nümayəndəliklərin qarşısında Azərbaycan əleyhinə kampaniyaya çevrilməsi artıq fərqli siyasi məzmun daşıyır. Söhbət təkcə müəyyən qərara münasibətdən deyil, suveren dövlətin seçimlərinə kənardan təsir göstərmək cəhdindən gedir.

Qeyd edək ki, Türkiyənin sabiq Azərbaycan səfiri Hülusi Kılıç da aksiyaları sərt tənqid edərək iştirakçıları “düşmənlərimizin maşası” adlandırıb. Bu mövqe hadisənin Türkiyə-Azərbaycan münasibətləri baxımından nə qədər həssas qəbul edildiyini göstərir. Diplomatik nümayəndəliklər qarşısında etiraz aksiyalarının keçirilməsi hüquqi çərçivədə qiymətləndirilməlidir. Bununla yanaşı, ifadə azadlığından istifadə adı altında başqa bir dövlətə qarşı düşmənçilik mühiti yaratmaq cəhdlərinə də prinsipial yanaşılmalıdır. Türkiyə ərazisindən Azərbaycanın dövlətçiliyini hədəfə alan çağırışların səsləndirilməsi iki ölkə arasında mövcud olan etimad mühitinə zərbə vura bilər.

Türkiyə-Azərbaycan münasibətləri dövlətlərarası strateji tərəfdaşlıqdan daha böyük, tarixi və mənəvi bağlara söykənir. İki xalqın münasibətləri ayrı-ayrı qrupların siyasi ambisiyalarından və təxribatçı çıxışlarından qat-qat güclüdür. Elə buna görə də rəsmi Ankaranın və Türkiyə rəsmilərinin Azərbaycan əleyhinə bu cür təxribatlara daha prinsipial münasibət göstərməsi vacibdir. Türkiyə ərazisində fəaliyyət göstərən hər hansı qrupun Azərbaycanın dünyəvi quruluşuna qarşı çıxması və diplomatik nümayəndəliklər önündə düşmənçilik ritorikasından istifadə etməsi yolverilməzdir. Belə hallar müttəfiqlik münasibətlərinə verilən qiymətin göstəricisidir.

Azərbaycan Türkiyənin dostluğuna böyük dəyər verir. Amma dostluq qarşılıqlı hörmət və suverenliyə ehtiram tələb edir. Bu baxımdan Türkiyə rəsmilərinin Azərbaycan əleyhinə yönələn təxribatlara göz yumması, yaxud belə cəhdlərə yetərincə sərt reaksiya verməməsi təəssüf və məyusluq doğurur. Çünki həqiqi dostluq yalnız xoş bəyanatlarla deyil, çətin məqamlarda nümayiş etdirilən mövqe ilə də ölçülür. Azərbaycanın dostu onun müstəqilliyinə hörmət edən, düşmənləri isə bu müstəqilliyi zəiflətməyə çalışanlardır.

Nazim Hüseynzadə / Metbuat.az