Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb.

Metbuat.az xitab24.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.

Cinayət Məcəlləsinin 120.2.4 və 177.1-ci maddələri ilə təqsirləndirilən A.Təyibov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, Asif keçmiş həyat yoldaşı ilə barışaraq yenidən birlikdə yaşamaq və aralarındakı məsələləri aydınlaşdırmaq məqsədilə onunla görüşmək barədə razılığa gəlib. Lakin o, Diananın yanına cinayət niyyətini həyata keçirmək üçün əvvəlcədən hazırlıq görərək gedib.

Asif fəhlə işlədiyi kənd məktəbindən qayçı, evindən isə yapışqan lent və ip götürüb. O, Diana barışmaqdan imtina edəcəyi təqdirdə onu öldürməyi planlaşdırıb.

Kənddəki fərdi evlərdən birində görüşən keçmiş ər-arvad arasında mübahisə yaranıb. Bu zaman Asif yumruq zərbəsi ilə Diananı yerə yıxıb. Daha sonra qadının əl-qolunu, ağzını və gözlərini bağlayaraq qayçı ilə onun boğazına bir neçə zərbə endirib. Nəticədə Diana Təyibova həyatını itirib.

Bundan sonra Asif cinayətin izlərini itirmək məqsədilə qadının çantasını yoxlayıb, ona məxsus pul, qızıl-zinət əşyaları və mobil telefonu götürüb.

O, daha sonra həmin əşyaları işlədiyi məktəbin ayaqyoluna atıb. Həmin gün Dianadan xəbər ala bilməyən ailə üzvləri onun itkin düşməsi barədə polisə məlumat veriblər. Polis əməkdaşları ilk olaraq Asifi dindiriblər. O, dindirilərkən törətdiyi əməli etiraf edib.

Qeyd edək ki, cütlüyün nikahından üç övladı dünyaya gəlib. Asif Təyibov, eyni zamanda, uzun illərdir kənddə qeyri-rəsmi olaraq molla kimi fəaliyyət göstərib.