Dünyanın ən qonaqpərvər ölkələrinin adları açıqlanıb. Xaricdə yaşamaq istəyənlər üçün xüsusi maraq doğuran araşdırmada yerli əhalinin əcnəbilərə münasibəti, yeni mühitə uyğunlaşma, dostluq əlaqələrinin qurulması və sosial inteqrasiya kimi meyarlar əsas götürülüb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma turistlərin təəssüratları əsasında deyil, müxtəlif ölkələrdə yaşayan əcnəbilərin şəxsi təcrübələri və qiymətləndirmələri əsasında hazırlanıb.
"InterNations" təşkilatının 2026-cı il üzrə araşdırmasına əsasən, dünyanın ən qonaqpərvər ölkəsi Meksika seçilib. Panama ikinci, Tailand isə üçüncü pillədə qərarlaşıb.
Reytinqin ilk onluğunda yer alan digər ölkələr isə Braziliya (4), Birləşmiş Ərəb Əmirlikləri (5), İspaniya (6), Portuqaliya (7), İrlandiya (8), ABŞ (9) və Cənubi Afrika Respublikasıdır (10).
Siyahıda qardaş Türkiyə 18-ci pillədə yer alıb. Ölkə məskunlaşma asanlığı üzrə 18-ci, mədəni mühit və xoş qarşılanma üzrə 20-ci, yerli əhali ilə dostluq münasibətlərinin qurulması üzrə 18-ci olub. Əcnəbilərin yeni dostlar qazanmaq imkanlarına görə isə Türkiyə 16-cı sırada qərarlaşıb.
Reytinqdə İspaniya 6-cı, Portuqaliya 7-ci, İrlandiya 8-ci, İtaliya 14-cü, Fransa 16-cı, Lüksemburq isə 17-ci yerdə qərarlaşıb.
Belçika 20-ci, Böyük Britaniya 21-ci, Niderland 23-cü, Almaniya 28-ci, Avstriya 29-cu, İsveç isə 30-cu sırada göstərilib.
Araşdırmanın nəticələri göstərir ki, əcnəbilərin sosial həyata inteqrasiyası və yerli əhali ilə münasibətləri baxımından Latın Amerikası və Asiya ölkələri reytinqdə ön sıralarda yer alır.