Azərbaycanda avtomobil bazarında qiymət artımı müşahidə olunur. Yay aylarında bəzi modellərdə qeydə alınan ucuzlaşmadan sonra sentyabrda bir sıra avtomobillərin qiyməti yenidən yüksəlib. Bu isə avtomobil almağı planlaşdıran vətəndaşlarda ilin sonuna qədər qiymətlərin hansı istiqamətdə dəyişəcəyi ilə bağlı suallar yaradıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının 2026-cı ilin sentyabr ayı üzrə təhlilinə əsasən, izlənilən 9 kütləvi avtomobil modelinin median təklif qiyməti avqust ayı ilə müqayisədə 1,1 faiz artıb.

Hesabat ayında avtomobil satış elanlarının sayı 11,4 faiz artaraq 40 373-ə çatıb. Bütün elanlar üzrə median təklif qiyməti isə 18 800 manat olub.

Modelər üzrə qiymət dəyişikliklərinə gəlincə, sentyabrda Hyundai Sonata 5,5 faiz, Kia Sorento 3,6 faiz, Hyundai Santa Fe isə 3,2 faiz bahalaşıb. Eyni zamanda, Ford Fusion, Opel Astra və Ford Transit modellərinin qiymətlərində 1-2 faiz azalma qeydə alınıb.

Təhlilə əsasən, satışa çıxarılan avtomobillərin 41,8 faizini yaşı 15 ildən çox olan nəqliyyat vasitələri təşkil edib. Bazarda təklif olunan avtomobillərin median buraxılış ili 2013, median yürüşü isə 193 min kilometr olub.

Yeni avtomobil seqmentində isə Çin markalarının üstünlüyü diqqət çəkib. Belə ki, sentyabr ayında yeni avtomobillər üzrə elanların 64 faizi Çin istehsalı olan modellərin payına düşüb.

Mövcud göstəricilər avtomobil bazarında vahid qiymət tendensiyasının olmadığını göstərir. Bəzi modellər bahalaşsa da, digərlərində ucuzlaşma müşahidə edilir. Bundan başqa, elanlarda göstərilən qiymətlər avtomobillərin faktiki satış qiymətlərindən fərqlənə bilər. Texniki vəziyyət, yürüş və satıcının güzəşt etmək imkanları yekun məbləğə təsir göstərir.

İlin sonuna qədər avtomobil bazarında kütləvi ucuzlaşmanın baş verməsi ehtimalı yüksək qiymətləndirilmir. İdxal xərcləri, ayrı-ayrı modellərə tələbat və bazardakı təklif qiymətlərin dəyişməsinə təsir edən əsas amillər olaraq qalır. Bu səbəbdən populyar modellərin bəzilərində bahalaşma, tələbatın zəif olduğu avtomobillərdə isə müəyyən ucuzlaşma mümkündür.

Beləliklə, ilin sonuna qədər avtomobil bazarında kəskin ucuzlaşmadan daha çox qiymətlərin sabit qalması və bəzi modellər üzrə artım ehtimalı ön plana çıxır. Alıcıların qərar verərkən yalnız ümumi bazar göstəricilərini deyil, seçdikləri konkret avtomobilin qiymətini və texniki vəziyyətini də nəzərə alması vacibdir.