Tehranın mərkəzində ABŞ prezidenti Donald Trampı hədəf alan təhdid dolu plakat nümayiş etdirilib. İngilis və fars dillərində hazırlanan plakatda Tramp dəmir barmaqlıqlar arxasında təsvir olunub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, paytaxtın ən işlək məkanlarından biri olan İnqilab meydanında nümayiş etdirilən plakatda Donald Tramp dəmir barmaqlıqlar arxasında, başı aşağı vəziyyətdə təsvir olunub. Plakatın üzərində isə ingilis və fars dillərində “Trampı öldürəcəyik” sözləri yazılıb.

Meydanda nümayiş etdirilən digər görüntüdə ABŞ prezidenti Donald Tramp, ABŞ-ın vitse-prezidenti Cey Di Vens, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff və İsrailin baş naziri Benyamin Netanyahu təsvir olunub.

Sözügedən təsvirlərdə siyasətçilər yorğun, geyimləri cırılmış və məğlub vəziyyətdə göstərilib. Kompozisiyada ABŞ və İsrail bayraqlarının yanmış və cırılmış təsvirlərinə də yer verilib.

İnqilab meydanında ABŞ və İsrail əleyhinə keçirilən aksiyaya təxminən 500 nəfər qatılıb.

İran və Hizbullah bayraqları daşıyan aksiya iştirakçıları ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər. Etirazçılardan bəziləri üzərində Donald Trampın şəkli olan plakatları ayaqları altında tapdalayıblar.

Aksiyada iştirak edən bəzi şəxslərin əynində kəfən olub.