Taiti adasında 1937-ci ildə bəzək bitkisi kimi əkilən bir ağac illər sonra ciddi ekoloji problemə çevrilib.

Metbuat.az xəbər verir ki, Mərkəzi və Cənubi Amerikadan gətirilən “Miconia calvescens” növü illər ərzində sürətlə yayılaraq adanın meşəlik ərazilərinin böyük hissəsini əhatə edib. Fransız Polineziyasına daxil olan adada botanik Harrison Villard Smit tərəfindən şəxsi bağda əkilən ağac hazırda 70 min hektardan çox meşə sahəsini zəbt edib. İlk 50 il ərzində təhlükənin miqyası nəzərə çarpmayıb. 1982–1983-cü illərdə baş verən qasırğalardan sonra bitkinin nə qədər geniş yayıldığı üzə çıxıb. Bildirilir ki, ildə 1,5 metrədək böyüyə bilən bu ağac sıx yarpaqları ilə günəş işığının torpağa çatmasına mane olur və digər bitkilərin inkişafını əngəlləyir. Nəticədə yalnız Taitidə rast gəlinən 40-70 bitki növü yox olmaq təhlükəsi ilə üzləşib. İnvaziv bitki qonşu Moorea və Raiatea adalarında da yayılmağa davam edir.

Mütəxəssislər yayılmanın qarşısını almaq üçün 2000-ci ildə bioloji mübarizə üsuluna əl atıblar. Ağacın yarpaqlarına zərər verən göbələk vasitəsilə onun böyümə sürətini azaltmağa nail olsalar da, təhlükəni tam aradan qaldırmaq mümkün olmayıb. “Miconia calvescens” hazırda yüksək riskli invaziv növ kimi nəzarətdə saxlanılır.