Bakı, 17 iyun, AZƏRTAC
Bu ilin beş ayı ərzində ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 10,8 milyard manatlıq məhsul istehsal olunub. İstehsalın həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini qeyri-neft sahələrində 12,4 faiz, neft-qaz sektorunda isə 1,4 faiz üstələyib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, sənaye məhsulunun 63,5 faizinin istehsal olunduğu mədənçıxarma bölməsində 17,6 milyon ton neft, 8,5 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.
Emal bölməsində istehsalın həcmi ümumi məhsulunun 28,0 faizini təşkil edib. Qida, kağız və karton, poliqrafiya, neft məhsullarının, habelə kimya sənayesi məhsullarının, rezin və plastmas məmulatlarının və digər məhsulların istehsalında artım müşahidə edilib.
İstehsal edilmiş sənaye məhsulunun 7,7 faizi elektrik enerjisi, qaz, buxar istehsalı və təchizatı bölməsinin, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Ümumi sənaye məhsulu istehsalının 88,4 faizi malların, 11,6 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb. Məhsulun 76,3 faizi özəl bölmədə istehsal olunub.