Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Maqomed Aliomarov Milli.Az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Avropa oyunlarında güləşçilərimizin fəaliyyətini necə dəyərləndirirsiniz? Gözlənilən nəticələr oldumu?
- Biz yunan-roma, sərbəst və qadın güləşində belə güclü çıxışları gözləyirdik. Çünki çox yaxşı təlim-məşq toplantıları keçirilmişdi. Buna qədər çox yaxşı hazırlaşmışdıq. Azərbaycanda keçirilməsi etibar olunan ilk Avropa Oyunları bizim üçün cox ciddi yarışmadır. İlk növbədə, ona görə ki, bu, ilk Avropa Oyunlarıdır. Digər tərəfdən ona görə ki, bu oyunlar dünya çempionatı üçün seçimdir. Burada yaxşı nəticələr göstərən idmançıları dünya çempionatına göndərəcəyik. Dünya çempionatında isə Olimpiya oyunları üçün lisenziyalar veriləcək. Bu səbəbdən də tam ciddiliklə hazırlaşmışdıq. Hər növlər üçün iki-üç qızıl medal planlaşdırırdıq. Bundan başqa, gümüş və bürünc medallar da planlaşdırırdıq.
Biz düşünürük ki, bu iş çox yüksək səviyyədə görülüb. Ölkəmizin güləş federasiyası idmançıları təlim-məşq toplantılarına göndərmək üçün işlər gördü. Rəqiblər buraya sparinqə çağırıldı. Keçmiş səhvlər düzəldildi. Misal üçün, Hetak Qazyumovu götürək. O, dünya çempionatında və Avropa çempionatında rusiyalı idmançı Abdusalam Qadisova uduzmuşdu. Bu gün isə yaxşı çıxış etdi və Qadisova qalib gəldi. Bu, o deməkdir ki, hər gün ciddi işlər görülür. Səhvlər üzərində işlənilir və növbəti nəticələr üçün hazırlıq görülür.
Biz düşünürük ki, yarışma ən yüksək səviyyədə keçirilir. Azarkeşlər də bu yarışlardan böyük zövq alırlar. Müxtəlif ölkələrdən bu yarışa gələn qonaqlar yarışların yüksək səviyyədə keçirilməsinə qiymət verirlər. Yarışların yaxşı keçirilməsi üçün neçə gözəl zal hazırlanıb. Artıq dünya gördü ki, Azərbaycan necə güclü yarışlar keçirə bilər.
Bütün azərbaycanlılara uğurlar arzulayıram. Azarkeşlər tək güləşi deyil, bütün idman növlərini ziyarət etsinlər. Güləş yarışları sabah başa çatır, başqa maraqlı yarışlar davam edir.
- Sentyabr ayında Las-Veqasda dünya çempionatı keçiriləcək. Həmin yarışlardan gözləntiləriniz nədir?
- Las-Veqasda keçiriləcək dünya çempionatına da əvvəlcədən hazırlıq olacaq. Yarış başlamazdan 10 gün əvvəl güləşçilərimiz Amerikaya yollanacaqlar ki, iqlimə öyrəşsinlər və hazırlaşsınlar. Yunan-roma, sərbəst və qadın güləşi komandaları lisenziyalar almaq üçün hazırlaşırlar. Ancaq bizim hədəfimiz minimum 8-9 lisenziya almaqdır. Burada kifayət qədər lisenziya ala bilməsək, İstanbulda keçiriləcək lisenziya xarakterli turnirdə lisenziya almağa çalışacağıq.
- Azərbaycanın əksər regionlarında azyaşlıların güləş məşqlərinə qatılması ödənişlidir. Olimpiya idman növü olan güləşdə gənc idmançıların hazırlanması ödənişsiz olmalı deyilmi?
- Biz bu mövzunu tez-tez müzakirə edirik. Biz çalışacağıq ki, məşqçilər pullu təlimlərlə məşğul olmasınlar. Onlar müxtəlif məktəblərə, kəndlərə getməli, istedadlı uşaqları seçib pulsuz hazırlıq keçirməlidirlər. Pulla hazırlıq görən məşqçilər federasiyanın deyil, Gənclər və İdman Nazirliyinin məşqçiləridir. Bizim 7 regionda məşqçilərimiz var. Onlar regiona görə cavabdehdirlər. Biz nazirliyin məşqçilərinə təsir göstərə bilmərik. Ümid edirik ki, nazirlik də məşqçilərin əmək haqlarının artırılması barədə düşünəcək ki, onları stimullaşdırsınlar. Məşqçilər də bizə ehtiyat idmançılar göndərsinlər.
Azərbaycanın bütün regionlarında güləş istedadı olan uşaqlar var. Onları, sadəcə, tapmaq, peşəkar səviyyədə məşqlər keçirmək, uşaqlıq yaşlarından güləş texnika və taktikasını öyrətmək lazımdır. Əgər regionlardakı məşqçilər həm fiziki, həm psixoloji, həm taktiki cəhətdən hazırlasalar, regionlarda yaxşı güləşçilər tapa biləcəyik.
Teymur Hacıyev
Milli.Az