Sovet hakimiyyətinin Bakıda törətdiyi dəhşətli cinayətdən 25 il keçir

Sovet hakimiyyətinin Bakıda törətdiyi dəhşətli cinayətdən 25 il keçir
12:18 21 Yanvar 2015
116 Ölkə
Ölkə mətbuatı
A- A+


Kiyev, 21 yanvar, AzərTAc
Yanvarın 20-də Ukrayna Milli İnformasiya Agentliyinin (Ukrinform) rəsmi saytında Azərbaycan Respublikasının Ukraynadakı səfiri Eynulla Mədətlinin “Sovet hakimiyyətinin Bakıda törətdiyi dəhşətli cinayətdən 25 il keçir” sərlövhəli məqaləsi dərc edilib.
Azərbaycanlı diplomat yazır:
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində törədilmiş faciədən 25 il keçir. O gecə şəhərin yüzlərlə dinc sakini Sovet ordusu tanklarının altında həlak oldu, yaxud ağır yaralandı.
Sovet ordusu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingentinin Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklərlə müşayiət olunurdu. Dinc əhaliyə divan tutuldu, yüzlərlə insan öldürüldü, yaralandı, itkin düşdü.
Məqalədə hərbi qulluqçuların insanları xüsusi qəddarlıqla yaxın məsafədən güllələməsi, tankları və zirehli transportyorları bilərəkdən içərisində insanlar olan minik maşınlarının üstünə sürmələri, xəstəxanaları atəşə tutmaları, tibbi-sanitar heyətin yaralılara yardım göstərməsinə mane olmaları barədə tükürpədici faktlar göstərilir. Hərbçilər yaralıları döyərək öldürür, dinc əhalini qətlə yetirmək üçün süngü-bıçaqlardan və Kalaşnikov avtomatları üçün insan orqanizmini sadəcə sıradan çıxarmaq deyil, onun ölümünü labüd edən, əzab-əziyyətini qat-qat artıran 5,45 milli metr kalibrli, ağırlıq mərkəzini dəyişən güllələrdən istifadə edirdilər.
Materialda vurğulanır ki, 1990-cı ilin yanvarında Bakıda baş vermiş qanlı faciə totalitar rejimin xalqa zidd xarakterini sübut etdi. SSRİ silahlı qüvvələrindən növbəti dəfə xarici təcavüzdən müdafiə olunmaq üçün deyil, öz xalqına qarşı istifadə edildi “müttəfiq respublikaların suveren hüquqları” barədə deyilənlərin saxtakarlıq olması üzə çıxdı.
Məqalədə daha sonra deyilir ki, Azərbaycan xalqına dəhşət və müsibətlər gətirmiş 20 Yanvar faciəsi bütün dünyada əks-səda doğurdu, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb oldu. Həmin günlərdə bir sıra ölkələrin radiostansiyaları Yanvar faciəsi haqqında ətraflı informasiya yayır, imperiya qüvvələrini lənətləyirdi.
Diplomat yazır ki, sivil dövlətlərin təcrübəsindən fərqli olaraq Azərbaycanın o vaxtkı siyasi rəhbəri nəinki istefa vermədi, əksinə, bu faciəyə öz münasibətini bildirməməyi, hətta matəm içində olan xalqa başsağlığı belə verməməyi üstün tutdu. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov xalqın qəzəbindən qorxaraq yanvarın 21-də yalnız öz təhlükəsizliyini təmin etmək məqsədilə hərbi təyyarəyə minib Moskvaya qaçdı. Başçısız qalmış Azərbaycan partiya rəhbərliyi həlak olanların dəfninin təşkil olunmasında, onların ailələrinə yardım göstərilməsində, matəm mərasimin keçirilməsində iştirak etmədi.
Diplomat vurğulayır: “Günahsız insanların həyatına son qoymuş 20 Yanvar faciəsi Azərbaycan xalqının mətinliyini və sarsılmazlığını nümayiş etdirdi. Bu xalq Mixail Qorbaçov başda olmaqla Sovet imperiyasının cinayətkar rəhbərliyinin satqın siyasətinə dözə bilmədi. Yanvar faciəsi əsl vəhşilik idi, lakin o, Azərbaycan xalqının azadlıq uğrunda mübarizə alovunu söndürə bilmədi. O gecə həlak olmuş Vətən övladları Azərbaycan tarixinə şanlı səhifələr yazdılar, milli müstəqilliyə yol açdılar...”.
Materialın tam mətni ilə Ukrinformun saytında tanış ola bilərsiniz.

Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR