Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin xüsusi fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova və Ruslan Hüseynovun “Kəlağayı - XIX-XX əsrin əvvəllərində Azərbaycan qadınlarının ənənəvi baş örtüyü” sərlövhəli məqaləsi “İrs” beynəlxalq jurnalının ingilis dili buraxılışının növbəti nömrəsində dərc olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Məqalədə orta əsrlərdə Azərbaycanda təkmilləşən və inkişaf edən ənənəvi xalq sənətinin ən mühüm sahələrindən biri olan kəlağayıçılıq sənətindən söz açılır. Burada XIX-XX əsrin birinci rübündə dekorativ-tətbiqi sənət məhsulları sırasında özünün orijinal bəzək texnikasına görə həm texnoloji, həm də məzmun etibarilə fərqlənən müxtəlif kəlağayı nümunələri haqqında məlumat verilir.