20 Yanvar faciəsi qurbanlarının xatirəsi Finlandiyada anıldı (FOTO)

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Finlandiyada anıldı (FOTO)
12:43 21 Yanvar 2015
208 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Helsinkidə anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Finlandiyadakı səfirliyinin dəstəyi, Finlandiya Azərbaycan Assosiasiyasının təşkilatçılığı və Azər-Türk Gənclər Təşkilatının əməkdaşlığı İlə Helsinki şəhərindəki “Caisa” Mədəniyyət Mərkəzində “Müstəqilliyimizin qanlı və şanlı tarixi - 20 Yanvar” adlı anım mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın Finlandiyadakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov, Türkiyənin Finlandiyadakı fövqəladə və səlahiyyətli səfiri Adnan Başağ, Azərbaycan və Türk diasporunun nümayəndələri, tələbələr iştirak ediblər.

Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova giriş sözü ilə çıxış edərək tədbirin mahiyyəti və proqramı haqqında məlumat verdikdən sonra Azərbaycanın dövlət himni səslənib və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Finlandiya Azərbaycan Assosiasiyasının sədr müavini, Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun dinc Azərbaycan xalqına qarşı törətdiyi qırğın, erməni terrorçuların Azərbaycana hərbi təcavüzü haqqında geniş məlumat verib.

Azərbaycan səfiri Adış Məmmədov da 20 Yanvar hadisələrinin tarixindən söhbət açıb. O, qeyd edib ki, ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə müstəqillik uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Səfir eyni zamanda, həmin dövrdə Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin qanlı yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini xatırladıb, baş verənlərin dünyaya çatdırılmasında və lazımi qiymətin verilməsində dahi şəxsiyyətin rolunu vurğulayıb. A.Məmmədov qanlı hadisələrdən 25 il keçməsinə baxmayaraq, xalqın o müdhiş gecəni unutmadığını, hər il yanvarın 20-də on minlərlə insanın Şəhidlər xiyabanını ziyarət etdiyini, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsini ehtiramla yad etdiyini bildirib.

Tədbirdə çıxış edən Türkiyənin Finlandiyadakı səfiri Adnan Başağ bildirib: "Qardaş Azərbaycan xalqının kədəri kədərimiz, sevinci sevincimizdir".

Səfir tarix boyu iki qardaş ölkəni ayırmağa, zəiflətməyə çalışan qüvvələrin məqsədlərinə nail olmadığını, əksinə bütün çətin dövrlərdə iki dövlətin bir-birinə dəstək göstərdiyini xatırladıb.

Çıxışlardan sonra Azər-Türk Gənclər Təşkilatının nəzdindəki musiqi qrupunun ifasında şəhidlərə həsr olunmuş şeir və musiqi nömrələri səsləndirilib, 20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR