Bakı, 19 iyun, AZƏRTAC
Yunanıstanın iflasdan xilas edilməsi problemi avrozona ölkələrinin növbədənkənar sammitində müzakirəyə çıxarılıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun başçısı Kristin Laqard bundan sonra borcların ödənilməsi ilə bağlı heç bir möhlətin verilməyəcəyini bildirib. Yunanıstanın ödəmələrini başa çatdırması üçün iyunun 30-dək vaxtı qalıb. Əgər Afina borclarını qaytarmasa, iflas qacınılmaz olacaq və bu halda Yunanıstan avro zonadan kənarda qala bilər.
Almaniya Kansleri Angela Merkel isə öz növbəsində bunun qarşısını almaq üçün əlindən gələni edəcəyini bildirib.
Yunanıstan Beynəlxalq Valyuta Fonduna 1,5 milyard avro vəsit ödəməlidir. Avrozona ölkələrinin liderləri yaranmış gərgin vəziyyəti müzakirə etmək üçün gələn həftə fövqəladə sammitə toplaşacaqlar.
Yunanıstanın özündə isə artıq indidən çaxnaşma başlayıb. İnsanlar banklardakı əmanətlərini kütləvi şəkildə geri götürürlər. Təkcə son sutka ərzində təxminən 1 milyard avro həcmində pul vəsaiti nağdlaşdırılıb.