"Mənimlə oynaya bilməzsiniz!" - FOTOSESSİYA

"Mənimlə oynaya bilməzsiniz!" - FOTOSESSİYA
14:22 19 İyun 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Kiçik foye... Çoxlu tamaşaçı... Tamaşanın başlamasına 20 dəqiqə qalıb... Zala keçmək dəqiqəsi və anşlaq... Darısqal zala hətta əlavə oturacaqlar da qoyulub... Qara pərdələrdən, qırmızı kürsüdən, kitabdan ibarət dekorasiya... Uzaqdan eşidilən fasiləsiz zəng səslənməsi... Saxtakarlığa nifrətdən yoğrulan Danimarka şahzadəsinin faciə aktı başlayır... Qara günlərini yaşayan krallığın qara geyimli adamları bir-bir səhnəyə çıxırlar... Yeni Hamletə baxmağa gələnlər arasında tamaşanı ərsəyə gətirənlərin digər teatrlardan olan həmkarları da az deyildi...

"Hamlet: "Budur, fleyta, buyurun, onda nəsə çalın". Gildenstern: "Prins, mən bacarmıram". Hamlet: "Xahiş edirəm". Gildenstern: "Sizi inandırıram ki, mən bacarmıram". Hamlet: "Amma mən sizdən xahiş edirəm". Gildenstern: "Amma mən onu əldə tutmaq qaydasını belə bilmirəm". Hamlet: "Bu ki yalan danışmaq qədər asandır. Barmaqlarınızı dəliklərin üzərində gəzdirin, ağzınızla havanı üfürün və ondan gözəl musiqi yayılacaq. Görürsünüz, bu da klapanlar". Gildenstern: "Amma mən onunla rəftar etməyi bacarmıram. Məndə alınmaz. Mən bunu öyrənməmişəm". Hamlet: "Baxın, məni necə bir çirkaba bulaşdırırsınız! Siz məndə çalmaq iddiasındasınız! Siz öz adınıza mənim qəlbimin klapanlarının bilgisini yazdığınızı düşünürsünüz! Siz əminsiniz ki, sirrimin sədasını məndən çıxara biləcəksiniz! Siz təsəvvür edirsiniz ki, guya mənim notlarım aşağıdan yuxarıya kimi sizin üçün açıqdır! Bu balaca əşya isə məxsusi olaraq çalğı üçündür, onun gözəl sədası var, bununla belə siz onu dilləndirə bilmirsiniz. Düşünürsünüz ki, mənim quruluşum bu fleytadan daha sadədir? Məni istənilən alətlə eyniləşdirdiyinizi bəyan edə, məni kökdən sala, sındıra bilərsiniz, lakin məndə istədiyiniz havanı ifa edə, mənimlə oynaya bilməzsiniz".

Belə bir fikir yürütmək olar ki, Şekspirin Hamlet surətinə aid oxucularına çatdırmaq istədiyi əsas fikirlərdən biri elə bu dialoqdadır - "Hamlet" (1601) faciəsinin kodunu tapmaq, Hamlet obrazının "mən"ini açmaq, demək olar ki, mümkünsüzdür. Və bu, heç lazım da deyil. Buna ehtiyac yoxdur. Müstəsna qələm sahibi olmaqdan başqa, teatr sənətinin təəssübkeşlərindən biri kimi də tanınan Vilyam Şekspir (1564-1616) məhz bu faciəsini ona səhnə həyatı vermək istəyən rejissor və aktyorlar üçün baş məşq kimi qoyub gedib desək, yanılmarıq. Məşq isə, bəlli olduğu kimi, teatr sənətinin, bu əsərin çoxlu sayda ekranlaşdırma versiyalarını nəzərə alsaq, ümumilikdə, rejissorluq və aktyorluq peşəsinin "suyu və havasıdır". Baxın, dünyanın istənilən ölkəsinin istənilən teatrının istənilən rejisor və aktyorunun yaradıcılıq yolunun ən çox arzulanan, belə demək mümkünsə, dayanacağı "Hamlet"ə quruluş vermək, Hamleti oynamaqdır. Təsadüfi deyil ki, Hamlet mütləq cinsi və mütləq yaşı olmayan personaj kimi də ad çıxarıb. Bu surətin səmimiliyi ən istedadlı oyunçu, ən bacarıqlı aktyor dərəcəsindədir. Bu cür vəhdəti səhnəsinə, kinokamerasına həkk etmək istəyi və cəhdi hər bir yaradıcı kollektivdə olub və olacaq. Belə bir cəhddə xalq artisti Bəxtiyar Xanızadə və onun pantomimçiləri də bulundular. Əlbəttə, teatrın köhnə "qvardiya"sının ən parlaq (sırf teatr aktyoru olaraq) üzvlərindən birinin - Azər Şabanovun (Azər Axşamın) uzun müddətlik fasilədən sonra teatra qayıdışının əlamətdarlığını vurğulamaq üçün də Hamlet rolu ən yaxşı seçimdir. Bu tamaşada Azər Şabanov sübut etdi ki, nəinki pantomim, həm də danışıq ("Hamlet" faciəsinin mətni 1 saat 40 dəqiqəlik bu versiyada təbii ki, ixtisarla təqdim edildi) aktyoru kimi də formadadır. Aktyor bu rolu sevə-sevə oynadı. Obrazlı desək, o qədər sevə-sevə oynadı ki, tərəf-müqabillərinə ona "yaxın durmağa" imkan vermədi - onların hər biri ilə maksimal ruhi təmas, ünsiyyət, əlaqə yaratmağa çalışsa da, özünün monotamaşa məmnunluğunu tərəf-müqabilləri ilə vəhdətdən "üstün tutdu". İstisna kimi Klavdi rolunun ifaçısı, əməkdar artist Elman Rəfiyev bu vəhdətə ən çox müvəffəq olan ifaçı kimi göründü - başqa sözlə, Klavdi - Elman Rəfiyev həm Hamletin, həm də Klavdinin, yenə də obrazlı desək, portretlərinin dəqiq "çərçivəsini" tapması ilə yadda qaldı. Gertruda rolunun ifaçısı Səbinə Hacıyevanın qəribə danışıq (yeri gəlmişkən, əsərin əlahiddə faciə xətti olan Hamlet - Ofeliya faciəsinin kökü xeyli dərəcədə Hamletin anası ilə olan mürəkkəb münasibətlərindən də rişələnir) və Poloni rolunun ifaçısı Nurlan Rüstəmovun ondan da qəribə təsvir tərzləri isə anlaşılmaz təəssürat buraxdı. Tamaşanın içindəki mimlərin iştirakilə olan keçmiş krala sui-qəsd edilməsini təsvir edən tamaşa hissəsinə gəlincə, bu səhnə ifaçı ifadəliliyi, işıq və musiqi effektləri cəhətdən parlaq təəssürat doğurması ilə seçildi.

Samirə Behbudqızı

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/351387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR