Bakı, 19 iyun, AZƏRTAC
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığı sahəsində milli qanunvericilik və onun icra mexanizmlərinə dair regionlarda maarifləndirmə tədbirlərinin təşkili” layihəsini həyata keçirir.
Layihənin icrası məqsədilə Saatlı rayonunda keçirilən toplantıda təşkilatın nümayəndəsi mövzunun aktuallığını qeyd edərək bildirib ki, tədbirin məqsədi mövcud problemləri öyrənmək və müvafiq qurumlara təklif və tövsiyələri təqdim etməkdən ibarətdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi sahəsində görülən işlər, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib. Yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələrdən danışan S.Qəhrəmanova işin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib. O, məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırılmaqla tətbiq olunmasının, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsinin, hüquq mühafizə orqanları əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Saatlı rayon icra hakimiyyəti başçısının müavini Reyhan Ocaqova rayonda məişət zorakılığı ilə bağlı daxil olan şikayətlər və görülmüş işlər barədə məlumat verib.
Tədbirdə dövlət qurumlarının və hüquq mühafizə orqanlarının nümayəndələri, bələdiyyələr, icma üzvləri mövzu üzrə fikirlərini söyləyib, interaktiv müzakirələr aparılıb və məişət zorakılığının qarşısının alınması üçün bir sıra təkliflər səsləndirilib.