Bakı, 25 iyun, Samirə Quliyeva, AZƏRTAC
“PAŞA Həyat” şirkətinin tələbələr üçün həyata keçirdiyi “Sığorta və sığorta mədəniyyəti” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunan 103 layihə arasında “İlin ən yaxşı layihəsi” hesab olunub.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Elnur Hüseynquluyev AZƏRTACA-a bildirib ki, layihələrin seçimi və qiymətləndirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatı tərəfindən aparılıb. “Sığorta və sığorta mədəniyyəti” layihəsinə 2013-cü il iyul ayından başlanıb. Bu günədək davam edən layihə çərçivəsində 55 təlim təşkil olunub və təlimlərə 1100 nəfərdən çox iştirakçı qatılıb. Təlim zamanı tələbələrə sığortaya aid mövcud qanunvericilik bazası, sığortanın mahiyyəti, sığorta mədəniyyətini formalaşdıran amillər, sığorta müqaviləsi, təkrarsığorta, sığorta riskləri, dünya və yerli sığorta bazarının vəziyyəti barədə ətraflı məlumatlar verilir.