İstanbul, 26 iyun, AZƏRTAC
İyunun 25-dən başlayaraq Suriyanın Kobani şəhərində törədilənlər növbəti dəfə Türkiyədə ictimai-siyasi sabitliyi pozmaq cəhdidir. Türkiyə rəsmilərinin fikrincə, iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçirilmiş növbəti seçkilərdən sonra ölkədəki vəziyyəti qarışdırmaq istəyən müəyyən qüvvələr Kobani məsələsini yenidən gündəmə gətiriblər.
Ötən ilin payızından başlayaraq İŞİD terrorçu qruplaşmasının Suriyanın Kobani şəhərinə hücum etməsini bəhanə gətirən PKK tərəfdarları Türkiyədə ictimai-siyasi sabitliyi pozmaq məqsədilə ölkənin müxtəlif ərazilərində qarşıdurmalar yaratmışdılar. Bu iğtişaşlar çoxlu sayda insan tələfatına və maddi ziyana səbəb olmuşdu.
Birinci Kobani böhranı zamanı Türkiyə tərəfi bu bölgəyə 12 milyon ABŞ dolları məbləğində yardım göstərib. Eyni zamanda, İraq kürdlərinin silahlı birləşməsi “Peşmərgə”nin Türkiyə ərazisindən daxil olmaqla Kobani şəhərinin terrorçulardan azad edilməsinə şərait yaradılıb. Bundan başqa, qanlı toqquşmalarda yaralanan 545 nəfər kobanili müalicə məqsədilə Türkiyəyə gətirilmişdi.
İŞİD-in iyunun 25-dən başlanan növbəti hücumları nəticəsində yaralanan 134 nəfər kobanili Türkiyə xəstəxanalarına yerləşdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul