Əfqanıstan və Türkmənistan prezidentləri Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi yaradılması məsələsini müzakirə ediblər

Əfqanıstan və Türkmənistan prezidentləri Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi yaradılması məsələsini müzakirə ediblər
12:18 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Əfqanıstan dövlət başçısının Aşqabada dövlət səfəri çərçivəsində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi yaradılması məsələsini müzakirə ediblər.
Türkmənistan KİV-lərinin verdiyi məlumata görə, tərəflər nəqliyyat-kommunikasiya sektorunda, o cümlədən yeni nəqliyyat dəhlizlərinin yaradılması sahəsində əməkdaşlığı Türkmənistan-Əfqanıstan qarşılıqlı əlaqələrinin mühüm aspektlərindən biri adlandırıblar. Qeyd edilib ki, bunun üçün hər cür zəruri şərait var, ilk növbədə həm Türkmənistanın, həm də Əfqanıstanın əlverişli coğrafi, geosiyasi və geoiqtisadi vəziyyəti buna imkan yaradır.
Berdiməhəmmədov deyib: “Əfqanıstan tərəfi də nəqliyyat-tranzit dəhlizləri şəbəkəsinin inkişafına dair yaxşı təkliflər, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin yaradılması haqda təşəbbüs irəli sürüb”.
“Biz diplomatik fəaliyyətin bir sıra mühüm istiqamətləri arasında enerji təhlükəsizliyinin təmin edilməsinə və nəqliyyat-tranzit dəhlizləri yaradılmasına üstünlük veririk”, - deyən Berdiməhəmmədov xatırladıb ki, BMT Baş Məclisi bu məsələlərin hər ikisinə dair xüsusi qətnamələr qəbul edib, Əfqanıstan da həmin qətnamələrin həmmüəllifi kimi çıxış edib.
Məhəmməd Əşrəf Qəni Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsinin dəstəklənməsinə görə Türkmənistan tərəfə təşəkkürünü bildirərək, öz ölkəsinin Pakistanla sərhədə qədər qaz kəməri, dəmir yol şəbəkəsi və elektrik xətləri çəkilməsinə marağı olmasını vurğulayıb və müvafiq danışıqlar aparmağa hazır olduğunu bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR