Bakı, 1 iyul, AZƏRTAC
Qaradağ rayonunun Səngəçal qəsəbəsinin Mədəniyyət evində rayon ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Tullantı Mərkəzinin Genişləndirilməsi layihəsi ilə əlaqədar hazırlanan Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi üzrə ictimai rəyin öyrənilməsi məqsədilə ictimaiyyətlə görüş keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumat görə, dinləmə zamanı SOCAR-ın fəaliyyət sahələrində formalaşan müxtəlif növlü istehsalat tullantılarının müasir ekoloji tələblərə uyğun idarə olunmasının təşkili, Tullantı Mərkəzinin Genişləndirilməsi layihəsinin konsepsiyası və məqsədi, Mərkəzdə quraşdırılması nəzərdə tutulan qurğu və avadanlıqlar, onların texniki göstəriciləri və xüsusiyyətləri, layihənin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Daha sonra şirkətin ekologiya idarəsinin nümayəndələri Tullantı Mərkəzinin Genişləndirilməsi layihəsi ilə əlaqədar hazırlanmış ƏMTQ sənədinin məqsədi, bu sahədə yerli və beynəlxalq qanunvericilik, layihə ərazisində həyata keçirilmiş ilkin ekoloji tədqiqatlar, analitik ölçmələr, layihə ərazisinin flora və faunası, radioekoloji vəziyyət, ekoloji həssas ərazilər, layihənin icrası ilə əlaqədar ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, o cümlədən ətraf mühitin idarə edilməsi və monitorinq planı barədə təqdimatlar keçiriblər.
ƏMTQ layihəsi ilə əlaqədar müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, layihə üzrə rəy və təkliflər öyrənilib. Qeyd olunub ki, ictimai dinləmələr zamanı ƏMTQ sənədi ilə əlaqədar iştirakçılar tərəfindən irəli sürülmüş rəy və təkliflər nəzərə alınmaqla sənədin yekun variantı hazırlandıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə təqdim ediləcək.