Fəthi Gədikli: “İstanbul kimi, Bakı da mənim üçün ömrümün axırına qədər yaşaya biləcəyim bir yerdir” - MÜSAHİBƏ

Fəthi Gədikli: “İstanbul  kimi, Bakı da mənim üçün ömrümün axırına qədər yaşaya biləcəyim bir yerdir” - MÜSAHİBƏ
11:57 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 11:49 ]

“Bakıya mədəniyyət attaşesi vəzifəsinə göndərilməyimə 1983-cü ildə çap etdiyimiz Azərbaycan poeziyası antologiyası səbəb olmuşdu”

İstanbul. Mayis Əlizadə - APA. Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mədəniyyət attaşesi, İstanbul Universitetinin hüquq fakültəsi dekanının müavini, professor Fəthi Gədiklinin APA-ya müsahibəsi

 

- Azərbaycan sizi, siz Azərbaycanı yaxından tanıyırsınız. Sizin Azərbaycanla qiyabi tanışlığınız nə vaxtdan başladı?

 

- Lisey illərimizdən başlayaraq Azərbaycan daim bizim diqqət mərkəzimizdə olub. Mən Ankarada olanda böyük qardaşım Yusuf Gədikli Ərzurumdakı Atatürk Universitetində oxuyurdu və Hüseyn Cavidin “İblis” pyesi ilə bağlı diplom işi yazırdı. Ankarada Məhəmməd Əmin Rəsulzadənin qurduğu dərnəyə gedir, orada nəşr edilən “Azərbaycan” dərgisindən materiallar seçib Ərzuruma, qardaşıma göndərirdim. Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılmasında professor Əli Yavuz Akpınarın xidmətləri böyükdür, biz də onun kitab və məqalələrindən çox şey öyrənmişik. Ondan əvvəl isə professor Əhməd Atəşin, türkologiya sahəsində Türkiyənin ikinci professoru olmuş Əhməd Cəfəroğlunun əsərləri daima bizə yol göstərib. Ərzurum Universitetində Azərbaycandan  professor Abbas Zamanovun göndərdiyi kitabların toplandığı kitabxana vardı, oradakı kitablar da bizim çox karımıza gəldi. Professor Akpınar Azərbaycan ədəbiyyatından Bəxtiyar Vahabzadənin və Nəbi Xəzrinin kitablarını çap edərək böyük təqdir qazanmışdı. 1983-cü ildə  biz Azərbaycan poeziyası antologiyasını nəşr etdik. Çox böyük marağa səbəb olan kitabı oxuyanlar Azərbaycanda dinamik bir poeziyanın olduğunu gördülər. Milli Kültür Vəqfi o kitaba görə bizə təşviq mükafatı verdi. Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı çalışmalarımız davam edərkən dönəmin mədəniyyət və turizm naziri Ərkan Mumcu məni Bakıya, başqa həmkarlarımızı isə digər türk ölkələrinə mədəniyyət attaşesi vəzifəsinə göndərdi. Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə alimlər ölkəmizin xaricdəki səfirliyinə mədəniyyət attaşesi vəzifəsinə təyin edilmişdi. İlk günlərdə Bakı mənə yuxu kimi gəlirdi. O vaxta qədər mən Londonda və Qahirədə elmi işlə məşğul olmuşdum. İnsan qürbət ölkələrdə öz dilində söhbət etmək üçün kimisə tapanda çox sevinir. Bakı isə mənim üçün doğmadan doğma idi. Orada hər insanı özümüzdən biri kimi görürdüm. Təsəvvür edin ki, ilk gündən Bakının harasına getsəniz, istisnasız olaraq heç kimlə dialoq yaratmaq probleminiz olmur. İstanbula ilk dəfə gəlib boğazı görəndə demişdim ki, bir daha buradan ayrılmayacağam. Bakı da mənim üçün eynilə İstanbul kimi oldu: orada da dedim ki, ömrümü burada başa vura bilərəm. Bakıda olarkən İstanbulu heç axtarmadım.

 

- İstanbula qayıdandan  sonra Azərbaycanla, oradakı dostlarınızla əlaqələrinizi heç kəsmədiniz, əməkdaşlığa davam etdiniz.

 

- Diplomatik missiyada işləməyimə baxmayaraq, mənim Azərbaycandakı fəaliyyətimin əksəriyyəti insanlarla rəsmiyyətdən çox, dostluq və  səmimi münasibətlər üzərində qurulmuşdu. Ona görə İstanbula qayıdandan sonra münasibətlərimiz davam etdi. Bu da xaricdəki  diplomatik missiyada çalışıb ölkəsinə qayıtmış bir insan üçün nadir sayılacaq durumdur. Azərbaycan mənə heç vaxt orada əcnəbi olduğumu hiss etdirmədi. Biz zənginliklərimizi paylaşdıqca, bir-birimizi hər yerdə dəstəklədikcə həmişə güclü olacağıq. Bu günlərdə yazar dostum Nəriman Əbdürrəhmanlının “Gönül elçisi” romanı çapdan çıxacaq. Əsəri çapa mən hazırlamışam. Romanı ilk dəfə oxuyanda elə bilmişdim ki, Nəriman əsərdə öz təxəyyülünü danışdırıb. Amma mərhum professor Faruk Sümerin kitabını oxuyanda Nərimanın əsərindəki hadisənin gerçək olduğunu öyrəndim. Nəriman o hadisəni bədii şəkildə mükəmməl ifadə edib. Romanda Səfəvi dövlətinin Osmanlıya baxışı kimi, bugünkü İranın da Türkiyəyə baxışını ifadə edən nöqtələr var. Nərimanın romanının Türkiyədə uğur qazanacağına inanıram.

 

- İstanbula qayıdandan sonra Bakıda itirdiyiniz dostlarınız da olub...

 

- Buraya qayıdandan sonra itirdiyim dostlardan sonuncusu Tofiq Abdindir. Onun ölümü insana acı verir. Çünki Tofiq Abdin yaşından çox gənc görünən dinamik bir adam idi. O cür bir adamın qəfildən vəfat etməsi həm də təəccüb doğurur ki, belə bir adam necə ölə bilər? Rafiq Tağının öldürülməsinə çox üzüldüm. Onunla çox söhbətlərimiz olmuşdu. Rafiq Tağı Azərbaycan hekayəçiliyinin təkrarolunmaz ustasıydı. Əməliyyatından sonra ona zəng edib danışmışdım, səsi yaxşı gəlirdi, vəziyyəti normal idi. Bir anda necə oldu ki, öldü? Bunu anlaya bilmədim. Vaqif İbrahimoğlu ilə çox yaxın idik, “Yuğ” teatrının binasını həmişə bizim tədbirlərimizi keçirməyimiz üçün verirdi. Azərbaycan musiqi sənətinin möhtəşəm ifaçısı Baba Mahmudoğlunu necə unutmaq olar? Və ya şair Ağa Laçınlını. Oğlu Fəxri Uğurlu yaxşı yazardır, yaxın dostluğumuz var. Qocaman yazar Qılman İlkin sovet vaxtında Türkiyəyə dair neqativ şeylər yazmışdı, mən orada olanda tez-tez səfirliyimizə gəlirdi, biz onu ən yüksək səviyyədə qarşılayıb yola salırdıq. Dünyasını dəyişənlərin hamısına Allahdan rəhmət diləyirəm, hamısı mənim üçün unudulmaz insanlardır.

 

- Bakıda çıxardığınız  “Yom” dərgisinin nəşrini İstanbulda da davam etdirirsinizmi?

 

- “Yom” dərgisinin Bakıda 13 sayını buraxdım, o işi burda da davam etdirirəm. İndiyə qədər 28 nömrəsini buraxmışam. Dərgidə türk dünyasının hər yerindən göndərilən yazıları olduğu kimi çap edirəm. Bu fəaliyyətimizin ortaq türkcə yaradılmasına kömək edəcəyinə inanıram. Dərginin çapının davam etməsinə Azərbaycandan göndərilən dəyərli elmi yazılar çox təkan verir.

 

- Bəs hüquqşünas kimi elmi fəaliyyətinizdə Azərbaycanla əməkdaşlıq münasibətlərinizi necə qurmusunuz?

 

- İstanbul Universitetinin hüquq fakültəsi Avropanın ən qədim hüquq fakültələrindən biridir. Bizim Avropa ölkələrindəki həmkarlarımızla yaxın əlaqələrimiz var. Hüquq sahəsində Azərbaycan universitetləri ilə əməkdaşlığı gücləndiririk. 2012-ci ildə birgə beynəlxalq hüquq konfransı keçirdik. Gələn il Bakıda eyni səpkili konfrans keçirməyi düşünürük. Bu müddətdə mən 3 dəfə Qazaxıstana dərs deməyə getmişəm. Təxminən 2 ay əvvəl Əskişəhərdə “Çağdaş Türk Dünyası” adlı kitab çıxdı. Məmnuniyyətlə deyirəm ki, orada Azərbaycana aid bölümü mən yazmışam. Münasibətlərimiz dərinləşdikcə dünya bizim sözümüzü daha çox dinləmək məcburiyyətində qalacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR