Sumqayıt, 6 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi plan hazırlayıb. Plana əsasən, şəhərdə silsilə konsertlər təşkil olunur.
AZƏRTAC xəbər verir ki, bu dəfə Nəsimi adına Mədəniyyət və İstirahət Parkının “Yaşıl teatr”ında 4 saylı mədəniyyət klubunun kollektivi tamaşaçılara zövqlü anlar yaşadıb. Klubun “Dərya”, “Zirvə”, eləcə də Əməkdar Artist Aybəniz Haşımovanın yaratdığı “Bülbüllər” musiqi qruplarının təqdim etdiyi rəngarəng musiqi nömrələri şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
“Ovsun” illüziya teatrının illüzionisti Bürünc Xalidin çıxışı isə konsert proqramının balaca izləyicilərinin ürəyincə olub. Konsertdə, həmçinin vətənpərvərlik ruhunda mahnılar ifa olunub, “Lider” rəqs qrupunun təqdimatında Azərbaycan oyun havaları nümayiş etdirilib.