Bakı, 10 iyul, AZƏRTAC
“Qəbələ” və “İnter” futbol komandalarının Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, ilk təsnifat mərhələsində Bakının “İnter” klubu Albaniyanın “Laçi”, “Qəbələ” isə Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını yarışdan kənarlaşdırıb.
“Qəbələ” ikinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacaq. Bu komanda ilk mərhələdə Sloveniyanı təmsil edən “Domjale”yə qalib gəlib. “İnter” isə növbəti mərhələdə İslandiyanın “Hafnarfyordur” klubu ilə üz-üzə gələcək. Bu komanda birinci təsnifat mərhələsində Finlandiyanın SJK klubundan üstün olub.
Hər iki klubumuz rəqibləri ilə ilk oyunu səfərdə, cavab matçını evdə keçirməli olacaq. İkinci təsnifat mərhələsinin ilk oyunları iyulun 16-da, cavab görüşləri isə 23-də təşkil olunacaq.