"Kimsəsizlər qəbristanlığı"ndan reportaj - FOTO

"Kimsəsizlər qəbristanlığı"ndan reportaj - FOTO
11:57 23 Yanvar 2015
254 Sosial
Ölkə mətbuatı
A- A+

Allah sizə rəhmət eləsin, kimsəsiz ölülər...
Kimsəsizlər qəbristanlığı... Gözdən uzaq, könüldən iraq bir məkan. Kiminsə yolu buradan keçibsə, yalnız quşların səsi eşidilən sahibsiz lal məzarların qarşısında, yəqin ki, ürəyində “iraq olsun” deyib.

Kimsəsizlərin son mənzili


Qaradağ rayonunun ərazisində yerləşən, adı “Qurd qapısı” kimi dillər əzbəri olan qəbristanlığın bir küncünü zəbt edən bu yeri hamı tanımır.

Yaxınlaşıb, həmin ünvana getmək istədiyimizi deyəndə, sürücülər qaşlarını düyünlədilər, baxışlarından bu oxundu: “Ora haradır?” Bəs biz tanımadığımız və heç vaxt getmədiyimiz yeri necə nişan verəydik?

Nəhayət, uzun-uzadı vurnuxmadan sonra yan aldığımız yaşlı bir sürücü məlumatlı çıxdı və “oturun” dedi...

Avtopark məzarlıq

“Qurd qapısı”nın ərazisi böyük olduğu üçün qohumlarını ziyarətə gələnlər avtomobilləri girişdə deyil, məzarların daha yaxınına sürürlər. Ağ və qara mərmərlər, bahalı heykəllər... Yüksəklikdən baxanda şahmat taxtasına bənzəyir.

Xeyli irəlilədikdən sonra qəbristanlığın sonuna - düzənlik bir sahəyə çatırıq. Sürücü “buyurun, bu da sizin axtardığınız qəbristanlıq” deməsəydi, avtomobildən düşməyəcəkdik. Mənzil başına, daha doğrusu, kimsəsizlərin son mənzilinə çatmışıq demək...

Mixi yazılar

Buranı sözün hər iki mənasında “Kimsəsizlər qəbristanlığı” adlandırmaq olar. Nə məzarda uyuyanların, nə də qəbristanlığın sahibi var.

“İlqar 4615", ”Ayaq", “Kolyaqin 10-Qar”, “NKM 11. Qar”, “NQM 9"... Siyahını çox uzatmaq olar: bunlar başdaşıları üzərindəki yazılardır. İlk baxışdan insana adi gəlir. Ancaq bura qandonduran, vahiməli bir məzarlıqdır...

Məzarlar arasında məsafə heç yarım metr də deyil. Ot-alaqla örtülmüş bu qəbirlərin arasında gəzəndə diqqətli olmaq gərəkdir. Hər an bir kimsəsizi narahat edə, dərinliyi dizə çatmayan qəbrini dağıda bilərsən.

Başdaşı kimi qoyulan paslı dəmirlər üzərində təbaşirlə yazılmış işarələr eramızdan əvvəlki mixi yazıları xatırladır. Yalnız bir-iki hərfi oxumaq mümkündür. “NKM - naməlum kişi meyiti”, “NQM - naməlum qadın meyiti” deməkdir. “Qar”, “ey”, “Ə.N” və buna bənzər, açması bilinməyən sözləri isə başa düşmək çətindir.

Qəbristanlıqda yerə səpələnmiş taxta parçaları da var. Hazır düzəldilmiş, boş sahələrə atılmış bu “başdaşı”lar kimsəsizlər məzarlığında sahiblərini gözləyir.

Hətta elə qəbirlər var ki, onların məzar olduğunu hiss etmirsən. Yalnız ayağın harasa toxunanda anlayırsan ki, üstündə olduğun torpağın altında kimsə uyuyur. Bu cür mənzərəni yalnız filmlərdə görmək olar. Kimsə kimisi öldürür, izi azdırmaq, qətlin üstünü bağlamaq üçün harada və necə gəldi dəfn edir...

Ağzını açıb ölü gözləyən qəbirlər

Yarğana oxşayan məzarların isə sayı-hesabı yoxdur. Yağış sularının qurbanına çevrilən bəzi məzarlarda oyuqlar əmələ gəlib.

Ətrafda heç kim gözə dəymir. Elə bunun nəticəsidir ki, kimsəsizlər kimi sahibi olmayan mal-qara da qəbristanlığı pis günə qoyub. Məzarların üstündə heyvanların ayaq şəkli də bunu sübut edir. Dərin qazılmayan məzarlarda quşların dimdikləməkdən açdığı oyuqların sayı-hesabı yoxdur.

Yalnız bir məzarın üstündə isə gül-çiçək var. Çox maraqla bunu seyr etdiyimizi görən sürücü “yəqin ki, burada dəfn olunanın kimliyini müəyyənləşdiriblər” deyir.

Avtomobilinə doğru gedəndə isə söyləyir: “Bura çox adam gətirmişəm. Kimisi ölüsünü tapıb, kimisi də məyus qayıdıb”.

“Kimsəsizlər qəbristanlığı”nda sahibinin yolunu gözləyən, qazılıb içinə meyit əvəzinə çör-çöp yığılan məzarlar da az deyil. Səngərə oxşayan bu qəbirlərin kiminsə son mənzili olacağını düşünmək insanı dəli edir. “Bəlkə, mən oldum?!” - deyib, üstündən keçmək mümkün deyil. Gözlə-qaş arasında olan əcəl zəngi çalınanda sürətlə şütüyən avtomobilin altında qalıb tanınmaz hala düşə bilərsən və “kimsəsiz” adıyla indi gözünün ucuyla baxdığın yerin sahibinə çevrilərsən. Bu qədər bəsit və dəhşətlidir!

***

“Qurd qapısı”nı tərk edənə qədər yolboyu məzarlar önündə adamlar gözə dəyir. Kimisi məzarın üstündəki alaqları təmizləyir, kimisi su çiləyir, başqa birisi isə yaxınlıqda olan skamyada oturub daşa həkk olunmuş şəkillə söhbət edir.

“Kimsəsizlər qəbristanlığı”nda isə ölümün şəriksiz tiranlığı hökm sürür: Məşhur filmdə deyilən “Detdom uşaqlarının atası olmur, nəçənnik...” sözü burada yerinə düşür. Bir də... Allah sizə rəhmət eləsin, kimsəsiz ölülər...

"Yeni Müsavat"











Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR