Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Tullantı Mərkəzi”ndə qazma və neft şlamlarının zərərsizləşdirilməsi üçün iki ədəd vakuum-distillə qurğusu quraşdırılacaq.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şirkətin “Tullantıların İdarə Olunması Planı”nın (TİOP) icrası ilə əlaqədar mütəmadi olaraq şirkətin idarə və müəssisələrinin istehsalat sahələrində ekoloji monitorinqlər aparılır, maarifləndirici aksiyalar təşkil edilir. SOCAR-ın ekologiya idarəsinin ekoloji ölçmə və tullantıların idarə olunması departamentinin mütəxəssisləri tərəfindən Neft Kəmərləri İdarəsinin Dübəndi, Abşeron və Qaradağ İstehsalat bölümlərində maarifləndirici təqdimatlar keçirilib. Təqdimat tullantıların təsnifatı, daşınmasına nəzarət, rəng kodlarına uyğun yerləşdirilməsi, emal qurğuları, eləcə də neftin hasilatı zamanı tərkibində təbii mənşəli radioaktiv tullantıların yarandığı təqdirdə onlarla davranış qaydaları və digər mövzuları əhatə edib.
Təqdimat zamanı dinləyicilərə SOCAR tərəfindən “Tullantı Mərkəzi”ndə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, qazma və neft şlamlarının zərərsizləşdirilməsi məqsədilə mərkəzdə müasir texnologiyalar əsasında hazırlanmış iki ədəd vakuum-distillə qurğusu quraşdırılacaq.
Qeyd olunub ki, yaxın zamanlarda digər tullantıların da emalı və zərərsizləşdirilməsi üçün müasir standartlara cavab verən qurğu və avadanlıqların quraşdırılması nəzərdə tutulur.
Keçirilən tədbirlər zamanı təqdim olunan mövzular ətrafında dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.