Bakı, 13 iyul, AZƏRTAC
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə "Mədəniyyətlərarası dialoq və milli dəyərlər" mövzusunda elmi tədqiqat aparırıq. Bu yaxınlarda isə Ə.Qarayev və mənim birgə müəllifi olduğumuz "Mədəniyyətlərarası dialoq və məna sferasının dinamikası" adlı kitab işıq üzü görəcək. Monoqrafiyada mədəniyyətlərarası dialoq elmi əsaslarda tədqiq edilib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov məlumat verib.
V.İsmayılov bildirib ki, fəaliyyətlərinin əsas istiqamətləri üç hissədən ibarətdir: elmi tədqiqat işləri, elmi-metodiki işlər və tədbirlər.
Elmi tədqiqat işlərində mədəniyyətin əhatə etdiyi müxtəlif sahələr üzrə aktual mövzular elmi istiqamətdə tədqiq edilir. Elmi-metodiki tədqiqat işlərində isə yerlərdə tələbatlar, ehtiyac olan vəsaitlər öyrənilir və onun əsasında müxtəlif metodiki vəsaitlər hazırlanır. Bunlar əsasən Mədəniyyət və Turizm Nazirliyi sistemində mövcud olan və fəaliyyət göstərən qurumlar üçün nazirliyin tələbatına uyğun olaraq hazırlanan elmi-metodiki vəsaitlərdir.
V.İsmayılov, həmçinin vurğulayıb ki, fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, "dəyirmi masa"lar, seminarlar, görüşlər, görkəmli elm, ədəbiyyat, incəsənət xadimlərinin yubileyləri və müvafiq tarixi günlərə həsr olunmuş tədbirlər keçirirlər. Bildirib ki, bilavasitə Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə keçirilən respublika səviyyəli tədbirlərdən əlavə, iş planlarına uyğun olaraq il ərzində müxtəlif tədbirlər təşkil edirlər.