BMT-nin rəhbəri Davosda çıxışında “yaşıl” inkişafa çağırıb

BMT-nin rəhbəri Davosda çıxışında “yaşıl” inkişafa çağırıb
14:43 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
BMT-nin baş katibi Pan Gi Mun Davosda Dünya İqtisadi Forumunda iqlim dəyişmələrinə qarşı mübarizə, davamlı inkişaf və iqtisadi artım məsələlərinə həsr olunmuş plenar sessiyada çıxış edib. Baş katib bildirib ki, 2015-ci il qlobal fəaliyyət ili olmalıdır.
AzərTAc BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, Pan Gi Mun qlobal istiləşmə təhlükəsinə davam gətirmək üçün iqtisadi inkişafda karbonlu tullantıların azaldılmasına nail olmağa çağırıb.
BMT-nin baş katibi deyib: “Mənim fikrimcə, əgər biz 2015-ci ildən sonrakı dövrdə inkişafın gündəliyini, davamlı inkişafın hədəflərini bəyənsək və dekabr ayında Parisdə iqlim dəyişmələrinə dair saziş qəbul edə bilsək, daha yaxşı gələcəyə istiqamətlənəcəyik”.
Pan Gi Mun vurğulayıb ki, davamlı inkişaf və iqlim dəyişmələri -bir medalın iki üzüdür. Bu iki istiqamət iqtisadi artımla sıx bağlıdır, milyonlarla insanın səfalətdən və aclıqdan yaxa qurtara bilib-bilməyəcəyi bu iqtisadi artımdan asılıdır. Lakin digər tərəfdən, iqtisadi artım ətraf mühitin çirklənməsi və zərərli tullantıların artması ilə assosiasiya olunur.
Pan Gi Mun deyib: “2015-ci ildən sonrakı dövr üçün mühüm vəzifələrimizdən biri geniş əhatəli və “yaşıl” iqtisadi artıma nail olmaqdan ibarətdir”.
Baş katibin sözlərinə görə, qarşıdakı 15 ildə - 2030-cu ilə qədər olan dövrdə investorlar şəhərlərdə yeni infrastrukturun, energetika və kənd təsərrüfatının inkişafına külli məbləğdə vəsait sərf edəcəklər.
Pan Gi Mun deyib: “Əgər bu vəsaitlər tərkibində karbonun az olduğu məhsullar istehsalına, müvafiq texnologiyalar və xidmətlər yaradılmasına yönəldilsə, onda biz iqlim dəyişmələrinə davam gətirə biləcək daha sabit, daha ədalətli cəmiyyət yaradılmasına nail ola bilərik”.
O təəssüflə bildirib ki, bu gün infrastrukturun inkişafı və davamlı artım məsələləri bir-birindən ayrı nəzərdən keçirilir. Baş katib deyib: “Bunu “İyirmilər qrupu”nun iclaslarında, digər beynəlxalq forumlarda və hətta burada, Dünya İqtisadi Forumunda da müşahidə edirik. Biz bu ciddi problemi həll etməliyik”.
O xəbərdarlıq edib ki, iqlim dəyişmələrinin təhlükəli nəticələri gələcək nəsillər üçün çox baha başa gələ bilər.
“Mən sizi müdrik seçim etməyə və “yaşıl” inkişaf yolu ilə getməyə çağırıram”, - deyən Pan Gi Mun onu da əlavə edib ki, bu seçim ümumi firavanlığa gətirib çıxaracaq.
BMT rəhbəri İqlim Dəyişmələri üzrə Beynəlxalq Ekspertlər Qrupunun sonuncu məruzəsinə istinadla xatırladıb ki, həmin sənəddə qeyd edildiyi kimi, iqlim dəyişmələrinin səbəbi insanın fəaliyyətidir.
BMT rəhbəri deyib: “Biz səfalətə qarşı mübarizə apara biləcək birinci nəsil və eyni zamanda, iqlim dəyişmələrinin ən pis nəticələrindən xilas olmağa imkan verən tədbirlər görə biləcək sonuncu nəsilik. Əgər bizim bu mənəvi və tarixi missiyamız uğursuz olsa, gələcək nəsillər bizi qınayacaqlar”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR