Tbilisi, 25 iyul, AZƏRTAC
İyulun 26-da Tbilisidə 13-cü Avropa Gənclər Olimpiya Festivalına start veriləcək. Bu mötəbər yarışa hazırlıq işində Azərbaycan tərəfi bizə yaxından kömək edir. Azərbaycandan gəlmiş 35-dən çox könüllünün yarışlara hazırlıq, qonaqların qarşılanması və s. məsələlərdə yardımı xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Azərbaycan bizə idmançıların və qonaqların daşınması ilə əlaqədar xeyli sayda avtobus və sürücü də göndərib. Bütün bunlara görə Azərbaycan rəhbərliyinə, həmkarlarımıza dərin minnətdarlığımızı bildiririk.
Bu sözləri Gürcüstan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Elgucia Berişvili AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, festivalda gənclər idmanın 9 növü - cüdo, yüngül atletika, basketbol, voleybol, həndbol, üzgüçülük, gimnastika, tennis və velosiped üzrə yarışlarda güclərini sınayacaqlar. Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edən bu tədbirdə 50 ölkədən 3500 idmançı qüvvəsini sınayacaq. Ümumilikdə isə festivalla əlaqədar Tbilisiyə 6 min qonaq gələcək.
Elguca Berişvili bildirib ki, 5 il əvvəl Gürcüstanın bu festivala ev sahibliyi edəcəyi bəlli olsa da, hazırlıq işlərinə çox gec başlanılıb. Bu müddətdə 6 yeni idman kompleksi inşa olunub, 10 idman arenasında isə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Əlli min kvadratmetr sahədə inşa edilən Olimpiya Kəndində isə 3800 idmançının yerləşdirilməsi nəzərdə tutulub. Burada, həmçinin 247 otaqlı beşulduzlu otel də fəaliyyət göstərir. Festivalın açılış mərasiminin keçiriləcəyi Mixeil Mesxi stadionu da açılışa tam hazırdır.
İyulun 26-da start götürəcək festival avqustun 2-də başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi