İtib-batmaqda olan meyvələrin genofondunun qorunması və bərpası ən aktual məsələlərdəndir

İtib-batmaqda olan meyvələrin genofondunun qorunması və bərpası ən aktual məsələlərdəndir
17:48 6 Avqust 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 6 avqust, Sabir Əliyev, AZƏRTAC
Ölkəmizdə geni modifikasiya edilmiş meyvə və tərəvəzlərin qarşısının alınması, yerli sortların bərpası və yayılması məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) alimləri tərəfindən bir neçə ildir ki, Gəncədə meyvə-tərəvəz və subtropik bitki ehtiyatları genofondunun sahə laboratoriyası yaradılıb. Əsl təcrübə bazasına çevrilən genofond bağında bu gün alimlər itib-batmaqda olan meyvələrin genofondunun qorunması və bərpası istiqamətində məqsədyönlü işlər həyata keçirirlər.
Belə alimlərdən biri də aqrar elmlər üzrə fəlsəfə doktoru, ADAU-nun bağçılıq kafedrasının müdiri Hüseyn İdrisovdur. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində bu sahənin aktual problemlərinə toxunaraq deyib: “İldən-ilə ekoloji tarazlığın pozulması, ətraf mühitə texnogen və antropogen amillərin mənfi təsirinin çoxalması, elmin son nailiyyətləri əsasında geni modifikasiya olunmuş bitki sortlarının yaradılması artıq bir problem kimi aktuallaşıb. Azərbaycanın bu problemlə üzləşməməsi üçün ölkəmizdə də mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi, müxtəlif seleksiya üsulları ilə zənginləşdirilməsi üçün dövlət səviyyəsində məqsədyönlü işlər həyata keçirilir. Məlumdur ki, 25-30 il bundan əvvəl salınmış meyvə bağları müasir bazar iqtisadiyyatı şəraitinə cavab vermir. Ona görə də bu bağların müasir texnologiya əsasında tədricən intensiv bağlarla əvəz olunması prosesi getməlidir. İtib-batmaqda olan meyvələrin genofondunun qorunması və bərpası ən aktual məsələlərdəndir. Bu işlərin vaxtaşırı, planlı və düzgün həyata keçirilməsi çox vacibdir. ADAU-nun nəzdində yaradılmış meyvə-tərəvəz və subtropik bitki ehtiyatları genofondunun sahə laboratoriyası bu baxımdan böyük əhəmiyyətə malikdir. Burada mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi, müxtəlif seleksiya üsulları ilə zənginləşdirilməsi və onlardan səmərəli istifadə olunması, eləcə də dünya bağçılıq sistemində müxtəlif genofond kolleksiya bağlarında toplanan meyvə və bitki sortlarından müasir bağçılığın tələblərinə uyğun olanlarının biomorfoloji xüsusiyyətlərinin və məhsuldarlıq göstəricilərinin öyrənilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri öz müsbət nəticələrini verir”.
Bağda vaxtilə respublikamızın alim və mütəxəssisləri tərəfindən yaradılmış və yerli şəraitə uyğunlaşmış meyvələrin sıradan çıxmasının qarşısını almaq, eləcə də yerli sortları bərpa etmək və geniş yaymaq üçün xeyli iş görülüb. Bunun üçün respublikamızın ayrı-ayrı bölgələrindən – Göyçay, Lənkəran, Quba, Şəki, eləcə də Naxçıvanın ayrı-ayrı rayonlarından 114 meyvə sortu gətirilərək əkilib və tədqiqat işlərinə başlanılıb. Həmsöhbətim qeyd edir ki, təkcə son bir ildə AMEA-nın Naxçıvan bölməsinin Bioresurslar İnstitutundan 4 müxtəlif yerli ərik və 41 yerli üzüm sortu gətirilərək əkilib. Bir sözlə, burada yerli və vaxtilə introduksiya olunmuş yüksək məhsuldar meyvə və giləmeyvə, tərəvəz və üzüm sortlarından ibarət böyük kolleksiya bağı yaradılıb. Hazırda bu bağda rayonlaşdırılmış nadir alma sortlarından olan “Qrani Smit”, “Simirenko reneti”, “Elvin”, “Çıraqqala”, “Vətən”, “Nigar”, “Emil”, “Sevinc”, armud sortlarından “Abasbəyli”, “Şüşə armud”, “Bildirçin budu”, “Vere Ardonpon”, “Klappin sevimlisi”, “Vere Bosk”, “Meşə gözəli”, heyva sortlarından “Şəkəri”, “Sarı heyva”, “Vələçin”, ərik sortlarından “Ağ ərik”, “Əbutalbi” , “Limon ərik”, “Əsgərabad”, “Şalax”, gavalı sortlarından “Renklod”, “Sarı albuxara”, gilas sortlarından “Kəl ürəyi”, “Sarı droqn” və sair meyvə və giləmeyvələrin bərpası və çoxaldılması işləri görülür”.
Söz yox ki, həyata keçirilən bu işlər xarici ölkələrdən geni dəyişdirilmiş meyvələrin ölkəmizə gətirilməsinin qarşısını almaqla yanaşı, eyni zamanda, rayonlaşdırılmış meyvə və tərəvəzlərin geniş yayılmasında da müsbət rol oynayacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Itib_batmaqda_olan_meyvelerin_genofondunun_qorunmasi_ve_berpasi_en_aktual_meselelerdendir-875860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR