Tokio, 8 avqust, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe avqustun 7-də bəyan edib ki, hökumət Okinava prefekturasının inkişafı üçün 2016-cı maliyyə ilində lazım olan qədər vəsait ayıracaq.
JİJİ PRESS informasiya agentliyinin məlumatına görə, Tokiodakı iqamətgahında Okinava prefekturasının qubernatoru Takeşi Onaqa ilə görüşən Baş nazir bu vədin həyata keçirilməsi üçün hökumətin lazım gələn bütün addımları atacağını deyib. Həmin bəyanatı Şinzo Abe Okinava qubernatorunun 2016-cı maliyyə ilində mərkəzi hakimiyyətin regionun inkişafı üçün 300 milyard yen ayırması barədə təklifinə cavab olaraq səsləndirib.
Hələ 2013-cü ilin dekabrında Baş nazir 2021-ci ildən başlayaraq hər maliyyə ilində bu prefekturaya 300 milyard yen ayrılacağı barədə vəd vermişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio