Bakı, 15 avqust, AZƏRTAC
"Connekt TV" və Azərbaycan Futbol Federasiyaları Assosiassiyası (AFFA) arasında razılıq əldə olunub. Razılığa əsasən, AFFA tərəfindən "Connekt TV"yə futbol üzrə Azərbaycan çempionatı oyunları, yəni Topaz Premyer Liqasının II Turunun kabel televiziyasının yayımladığı “C1” kanalında retranslyasiya edilməsinə dair hüquq verilib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, gələcəkdə "CBC sport" kanalında yayımlanacaq oyunlar da "Connekt TV" tərəfindən retranslyasiya ediləcək.
Topaz Premyer Liqasının II Turunun oyunları həftənin şənbə, bazar və bazar ertəsi günlərində saat 21-də "Connekt TV"nin “C1” kanalında yayımlanacaq.
"Connekt TV" Bakı, Sumqayıt, Xırdalan şəhərləri və ətraf qəsəbələrdə əhaliyə keyfiyyətli efir-kabel televiziyası xidmətləri göstərir. Hazırda kabel operator televiziyası rəqəmsal və HD yayımda 6 dildə 3 növ kanallar paketində ümumilikdə 172 kanal yayımlayır.