Ermənistana 1 saniyə bəsdir

Ermənistana 1 saniyə bəsdir
02:21 27 Yanvar 2015
216 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasının əvvəlində dinlənilən və müzakirə edilən daimi komitə və büronun hesabatı bu dəfə hər zaman olduğundan daha geniş və ciddi müzakirələr doğurdu. Müzakirələrə qatılmaq istəyənlərin sayının 40 nəfərdən artıq olması və ayrılmış vaxtın məhdudluğu imkan vermədi ki, adları təsdiqlənmiş rəsmi siyahıda yer alan bir sıra deputatlar çıxış etsinlər. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov nəzərdə tutulan çıxışının əsasında ayrıca sənəd hazırlayaraq Parlament Assambleyasının katibliyinə təqdim edib və həmin sənəd nəşr edilərək yayılıb.

Azərbaycanlı deputatın hazırladığı sənəddə deyilir: “Yeni 2015-ci il başlanıb və artıq bu ilin ötən ildən bir mühüm fərqi var. Astronomlar bildiriblər ki, Yerin hərəkət sürətinin yavaşıması səbəbindən bu il keçən ilə nisbətən 1 saniyə uzun olacaq. 1 saniyə bəlkə də saatın fərqində olmayan hansısa “xoşbəxtlər” üçün əhəmiyyətsiz qədər qısa vaxt kəsiyidir. Amma 2015-ci il iyunun 30-da bütün dünya məhz buna görə saatları 1 saniyə qabağa çəkəcəksə, deməli, məsələ göründüyü qədər də sadə deyil və qlobal səciyyəlidir. Barmağı düyməyə basıb səs vermək də 1 saniyəlik işdir. Keçən il oktyabrın 1-də Assambleyada səsvermə düymələri basıldı və son dərəcə vacib bir qərar qəbul edildi. Əgər sonuncu sessiyadan bəri ötən dövrdəki inkişafı dəyərləndirmək istəyiriksə, məhz həmin qərarın qəbul edilməsi anı indi təhlil etdiyimiz mərhələnin nəzəri cəlb edən uğurlarından biri sayılmalıdır. Mübahisəli, münaqişəli, çətin proseslər cərəyan etdi və Avropa Şurası qətiyyət, obyektivlik göstərərək “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artırılması” adlı mövzu üzrə məruzəçi təyin etdi. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və Dağlıq Qarabağ problemi bu iki dövlətin Avropa Şurasının həqiqi üzvü kimi fəaliyyət göstərdiyi son 15 il ərzində daim ümumi narahatlığa bais olub. Ona görə də ağrılı bir problemin həlli istiqamətində büronun və bütövlükdə Assambleyanın atdığı belə bir mühüm addım əlbəttə ki, müsbət iş, inkişaf elementi sayılmağa layiqdir. Düyməyə basaraq səs vermək bircə saniyə çəkdiyi kimi, barmağı odlu silahın tətiyinə sıxaraq atəş açmaq da bircə saniyə sürür. Həmin bircə saniyə kifayət edir ki, 1 və ya bir dəstə insanın həyatına son qoyulsun. İndi burada bizim sessiya davam etdiyi, inkişaf hesabatını müzakirə etdiyimiz dəqiqələrdə Azərbaycan-Ermənistan sərhədlərində də qarşıdurma davam edir, ölümlər gətirən atəşlərin açıldığı hər saniyə ilə gərginlik bir qədər də artır. Ölkənin içərisindən çox kənardan idarə edilən Ermənistan isə heç vəchlə yola gəlmək, öz qəsbkar niyyətlərindən əl çəkmək istəmir. Hətta uğur kimi qiymətləndirdiyimiz indicə xatırlatdığımız məruzənin hazırlanması prosesinə ciddi əngəllər törətmək niyyətlərini də artıq indidən gizlətmir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Avropa Şurası 2005-ci ildə ayrıca qətnamə qəbul etdi, Ermənistan onu icra eləməkdən boyun qaçırdı. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Parlament Assambleyası ayrıca alt komitə yaradıb. İllərdir ki, Ermənistan həmin faydalı ola biləcək qurumun işini baykot edir. İndi Dağlıq Qarabağ, Azərbaycanın zəbt edilmiş ərazilərindəki təhlükəli vəziyyət üzrə yeni məruzə hazırlamaq qərarı var, Ermənistan yenə təşkilatımızın iradəsi əleyhinə hərəkət edir.

Bu intizamsızlıqlara, qərarlar, qaydalar, nizamnamə əleyhinə olmaq cəhdlərinə nə qədər dözmək olar? Belə ərköyünlük, saymazyanalıq haqqını Ermənistana kim verib? Güman edirəm ki, artıq sərt üz göstərməyin vaxtı çoxdan çatıb. Avropa Şurası iradə ortaya qoysun, bircə saniyə vaxt sərf edərək bu məqsədlə düyməni basaq. Sabah Ermənistanın həmin bircə saniyəni sərf edərək növbəti dəfə tətiyi basmasının, yeni ölümlər, yeni faciələr törətməsinin qarşısını alaq. Axı söhbət həm də təcavüzkar, cığal bir üzvə bunca uzun müddət heyrətli səbirlə dözən Avropa Şurasının nüfuzundan gedir. Düyməni basaraq Ermənistana “yox” deməyə, “dayan” deməyə, “get” deməyə 1 saniyə bəsdir. Həmin bircə saniyə ki, keçən il yox idi, bu il var. 2015-ci ili 2014-cü ilə nisbətən uzun edən həmin 1 saniyəyə biganə qalmayaq. Onu xeyirxah məqsədlə, şərə qarşı istifadə edək!”

Mənbə
AzerTac


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR