Bakı, 19 avqust, AZƏRTAC
Məşq və yaxud yarış zamanı idmançıların beyin nahiyəsindən aldıqları zədələr çox təhlükəlidir. İdmançı aldığı zədədən həmin anda xəbərdar olmasa, bu, ağır fəsadlara gətirib çıxara bilər.
AZƏRTAC medgadgets.ru saytına istinadən xəbər verir ki, ABŞ-ın Pensilvaniya Universitetinin alimləri zədələrin ağırlıq dərəcəsini öyrənmək üçün yeni üsul tapıblar. Belə ki, alimlər idmançının geyindiyi qoruyucu dəbilqəyə yeni örtük əlavə ediblər. Polimerdən hazırlanan bu örtük zərbənin gücündən rəngini dəyişir. Dəbilqənin rəngi dəyişəndə ətrafdakılar və həkimlər idmançının travma almasından xəbərdar olurlar. Bu prosesdə nə elektrikə, nə də enerji mənbəyinə ehtiyac duyulmur.
Alimlərin fikrincə, işıqlandırma o qədər güclü olmalıdır ki, dəbilqənin rənginin dəyişməsi tez nəzərə çarpsın.