Zərdab, 19 avqust, AZƏRTAC
Zərdab Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətin koordinasiyası məsələlərinə dair “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirak etdikləri tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rəhman Feyzullayev icra hakimiyyəti orqanları ilə Aran Regional Mərkəzinin birgə iş təcrübəsi, bu sahədəki problemlər və perspektivlər barədə ətraflı məlumat verib.
Aran Regional Mərkəzinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, idarə rəisinin müavini Elşən Bəşirov “Aran Regional Mərkəzinin fəaliyyət istiqamətləri, fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, problemlər və onların həlli yolları”, mərkəzinin ərazi orqanları ilə iş şöbəsinin baş zabiti Azər Mahmudov “Əhalinin maarifləndirilməsi işləri, mövsümlə əlaqədar baş verəcək hadisələr və fövqəladə hallar baş verərkən həyata keçirilən addımlar”, mərkəzinin təlim və əməliyyat-planlaşdırma şöbəsinin zabiti İlqar Dəmirov “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkili”, fövqəladə halların monitorinqi və texniki təhlükəsizlik işinin təşkili sektorunun baş məsləhətçisi Xəyal Əliyev “Zərdab rayonu ərazisində, əsasən də Kür və Türyançay çayları boyunca yerləşən yaşayış məntəqələrində aparılan monitorinq işləri və mövcud vəziyyət” mövzusunda çıxış ediblər.
“Dəyirmi masa”da, habelə rayon suvarma sistemləri idarəsinin rəisi Mircəlal Mirzəyev, təhsil şöbəsinin müdiri Baba Babayev, telekommunikasiya qovşağının rəisi Zeynalabdin Məmmədov, 32 saylı Yol İstismar İdarəsinin rəisi Cahangir Mahmudov, rayon mərkəzi xəstəxanasının baş həkimi Ruslan Nemətov, gigiyena və epidemiologiya mərkəzinin direktoru Rəşid Hüseynov və icra hakimiyyəti başçısının Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Xəlilovun çıxışları dinlənilib, təklif və mülahizələr irəli sürülüb.