Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) kompleks qazma işləri tresti “Pirallahı adası-quru”, “Çandahar-Zarat”, “Səadan”, “Darvin bankası” və “Pirallahı-dəniz” yataqlarında yeni quyuların qazılmasına başlayıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Abşeronneft” neft və qazçıxarma idarəsinin sifarişi ilə “Pirallahı adası-quru” yatağında qirməki altı lay dəstəsinə qazılan 1188 nömrəli quyunun layihə dərinliyi 800 metr, “Pirallahı-dəniz” yatağındakı 1140 nömrəli meydançadan qirməki altı lay dəstəsinə qazılan 1146 nömrəli quyunun layihə dərinliyi 890 metr, “Darvin bankası” yatağında 740 nömrəli meydançadan qirməki altı lay dəstəsinə qazılan 742 nömrəli quyunun layihə dərinliyi isə 1150 metrdir.
Bundan başqa, “Siyəzənneft” neft və qazçıxarma idarəsinin sifarişi ilə ”Çandahar-Zarat” yatağında 1838 və “Səadan” yatağında 1808 nömrəli quyularda da qazma işlərinə start verilib. Maykop lay dəstəsinə qazılan bu quyuların layihə dərinlikləri müvafiq olaraq 1250 və 1400 metrdir.
Quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.