"Daha yaxşı oynamaq istərdik. Amma bu da pis deyil. Çox qol epizodumuz olmadı. Ancaq uşaqlar əllərindən gələni etdilər. Mən daha çox ilk hissənin ikinci dövrəsindəki mübarizədən məmnun qaldım. Antonov taktiki cəhətdən gözəl oyun nümayiş etdirdi". Fanat.az xəbər verir ki, bu sözləri “Panatinaikos”la oyundan (0:0) sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.


"Hesab etmirsiz ki, belə zəif oyunla komanda qrupa düşə bilməz" sualına ukraynalı mütəxəssi belə cavab verib: "Sizin bu fikrinizlə razı deyiləm. Belə oyun nə deməkdir ki? Siz bizi "Mançester Yunayted"lə səhv salmayın. Məncə, biz əvvəlki oyunlardan daha yaxşı oynadıq. Hələ bundan sonra daha yaxşı oynayacağıq. Transferlər etməyi də düşünürük. Sadəcə, bu gün sonradan meydana çıxan Samir Zərgərovla Asif Məmmədov düzgün oynamadı".


Qriqorçuk “Panatinaikos”un keçilməz komanda olmadığını bildirib: "Düzəliş edəcəyimiz vəziyyətləri gördük. Orta sahədə daha çox top saxlamaq lazımdı. Müdafiədə də bəzi düzəlişlər olmalıdı. Futbolçunun idman hazırlığı deyilən anlayış var. Bu gün əks-hücumların qurulmasında ləngimə oldu. Bunu düzəltməyə çalışacağıq".

Baş məşqçi yeni transferlərə ehtiyac olduğunu bildirib: "Bizə komandanı gücləndirəcək oyunçu lazımdı. İndiki vəziyyətdə isə beləsini tapmaq çətindi. Biz hələ "pley-off"a qədər yeni transfer üçün çalışdıq. Amma alınmadı. Transfer etmək elə də asan deyil. Həm də yeni transfer digər oyunçularla rəqabət aparmaq gücündə olmalı, tələblərimizə cavab verməlidi".


Fanat.az