Bakı, 25 avqust, AZƏRTAC
“Azəryolservis” ASC tərəfindən paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti, abadlaşdırma işləri həyata keçirilir. Bu işlər çərçivəsində Heydər Əliyev prospektində, daha dəqiqi “Böyük Şor” yol qovşağından “Hava limanı” qovşağınadək olan hissəsində yerləşən yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri aparılır.
"Azəryolservis"in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən yolda yerləşən 6 yerüstü piyada keçidinin köhnəlmiş üzlükləri sökülərək yeniləri ilə əvəzlənib. ASC tərəfindən yerüstü piyada keçidlərinin yenilənməsi istiqamətində aparılan işlərin 90 faizi görülüb. Hazırda keçidlərdə pəncərələrin qoyulması işləri aparılır. Təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi də tam olaraq yenilənir.


