Bakı, 26 avqust, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN), Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) Xidmətinin nümayəndələri ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə "Ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi haqqında" Fərman üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) fəaliyyətinin "Elektron hökumət" portalı üzərindən təşkili ilə əlaqədar MKR informasiya sisteminin portala qoşulması, müvafiq servisin hazırlanması məsələləri ilə bağlı müzakirələr aparılıb.
Görüşdə, həmçinin "Elektron hökumət" portalı vasitəsilə müvafiq informasiya resursuna çıxışın təmin edilməsi məsələsinin məqsədəuyğun təşkili üzrə fikir mübadiləsi aparılıb.
ƏƏSMN-in nümayəndəsi çıxışında vətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımının alınması üçün elektron formada müraciət (ərizə) göndərilməsi üçün proqram təminatının hazırlandığı və artıq test işlərinə başlanıldığını bildirib.
Qeyd edilib ki, VEMTAS istifadəyə verildikdən sonra istənilən vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün internet vasitəsilə elektron qaydada müraciət edə biləcək. Müraciət qəbul edildikdən sonra proqram təminatı tərəfindən təyin olunmuş qrafik əsasında müraciətin edildiyi ailənin maddi-məişət şəraitinin müayinəsi aparılacaq. Ailənin maddi-məişət şəraitinin müayinəsi təyin olunmuş müddət ərzində və müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompyuter avadanlıqları vasitəsilə həyata keçiriləcək. Müayinənin nəticələri real vaxt rejimində VEMTAS-a ötürüləcək.
Ünvanlı dövlət sosial yardımı üçün edilən müraciətə baxılması üçün müvafiq məlumatların "Elektron hökumət" portalı üzərindən aidiyyəti dövlət qurumlarının informasiya resurslarından real vaxt rejimində əldə edilməsi təmin olunacaq. Əldə olunan bütün məlumatlar ümumiləşdirildikdən və təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul ediləcək.
Vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat onun elektron ünvanına, yaxud mesaj formasında mobil telefon nömrəsinə göndəriləcək. Ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunduğu halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka sifarişin göndərilməsi avtomatik şəraitdə həyata keçiriləcək.
Bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud mesaj formasında mobil telefonuna göndəriləcək. Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması innovativ texnologiyaların tətbiqi yolu ilə aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaradacaq.