Azərbaycanda dərman məhsulları istehsal ediləcək

Azərbaycanda dərman məhsulları istehsal ediləcək
10:34 27 Dekabr 2014
180 Sosial
Ölkə mətbuatı
A- A+

Müdafiə sənayesi sahələrində yeni emal müəssisələrinin yaradılması da nəzərdə tutulub

Azərbaycanda emal sənayesinin digər sahələrində yeni istehsal güclərinin yaradılması üçün geniş imkanlar var. Son illər ölkədə əsasən yeyinti sənayesi, yüngül sənaye, mebel sənayesi, tikinti materiallarının istehsalı sahələrində qabaqcıl texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli çoxlu sayda müəssisələr qurulub. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramında qeyd olunur.

Sənəddə o da qeyd olunur ki, bu sahələrdə istehsal həcmlərinin genişləndirilməsi ilə yanaşı, digər sahələrdə, o cümlədən kimya, metallurgiya, maşın və avadanlıq istehsalı, alternativ enerji qurğu və avadanlıqlarının istehsalı, müdafiə sənayesi sahələrində yeni emal müəssisələrinin yaradılması tədbirləri davam etdirilməlidir. Yeni sənaye müəssisələrinin yaradılması zamanı yüksək ekoloji tələblərə cavab verən, enerjiyə qənaət edən texnologiyaların istifadəsi diqqət mərkəzində saxlanılmalıdır.


Dövlət Proqramının icra müddətində yüksək texnologiyaların tətbiqi ilə yeni istehsal sahələrinin fəaliyyətə başlaması da prioritetlər sırasındadır. Bu baxımdan elektron avadanlıqların istehsalının genişləndirilməsi və əczaçılıq məhsullarının istehsalının qurulması imkanları nəzərdən keçirilməlidir. Yüksək texnologiyalı istehsal böyük həcmdə araşdırma və inkişaf etdirmə fəaliyyəti tələb etdiyi üçün bu sahədə prioritetlərin bir neçə konkret sahə ilə məhdudlaşdırılması məqsədəuyğundur.

Sənaye siyasətinin əsas məqsədlərindən biri də sənayenin rəqabət qabiliyyətinin artırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu tədbirlər sahəvi araşdırmalar nəticəsində müxtəlif sektorların xüsusiyyətlərinə uyğun olaraq əlavə tədbirlərlə dəstəklənməlidir. Sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədi ilə enerji tariflərinin tənzimlənməsində çeviklik artırılmalı, çevik tarif siyasəti əlverişli vergi və gömrük rejimi və çevik məzənnə siyasəti ilə müşayiət edilməlidir. Bununla yanaşı, sənayeyə investisiyaların cəlb edilməsi üçün imkanlar genişləndirilməli, sənayeyə yönləndirilən dövlətin güzəştli kreditlərindən istifadə və lizinq imkanları artırılmalı, qeyri-neft sənayesinə investisiyaların təşviqi mexanizmi yaradılmalıdır.

 

Dövlət Proqramında vurğulanır ki, sənaye müəssisələrinin quruluş xərclərinin azaldılması, sənaye zonalarından (xüsusi iqtisadi zona, sənaye parkı və sənaye məhəllələri) kənarda yerləşən sənaye layihələrinin müəssisədən kənar infrastruktur təminatının yaxşılaşdırılması, bu məqsədlə dövlət vəsaiti hesabına həyata keçirilən infrastruktur layihələrinin özəl sektorun investisiyaları ilə əlaqələndirilməsi mexanizmi qurulmalıdır. Eyni zamanda, bir sıra qabaqcıl ölkələrin təcrübəsindən istifadə edərək dövlət-özəl tərəfdaşlıq modellərinin tətbiqinin genişləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

Sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, onlara informasiya, marketinq və markalanma dəstəyi, standartların və sertifikatların tətbiqində dəstək, treninq dəstəyi göstərilməli və xüsusən sənaye müəssisələrinin araşdırma və inkişaf etdirmə fəaliyyəti dəstəklənməlidir. Məlum olduğu kimi, innovasiyalar sənayenin rəqabət qabiliyyətinin artırılmasında xüsusi rol oynayır. Bu baxımdan özəl sektor tərəfindən həyata keçirilən araşdırma və inkişaf etdirmə fəaliyyətinin dəstəklənməsi böyük əhəmiyyət kəsb edir. Bu proses sənayenin kadr potensialının və elmi təminatının yaxşılaşdırılması ilə müşayiət olunmalıdır.

Dövlət Proqramın icra müddətində mövcud sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi, yeni sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, xüsusi iqtisadi zonaların fəaliyyətə başlaması və regionların sənaye potensialının artırılması istiqamətləri diqqət mərkəzində saxlanılmalıdır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR