Naxçıvanın topoqrafik obyekt adlarının tarixi və tədqiqinə dair dəyərli əsər

Naxçıvanın topoqrafik obyekt adlarının tarixi və tədqiqinə dair dəyərli əsər
18:08 28 Yanvar 2015
268 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 28 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Adil Bağırovun əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin elmi redaktorluğu ilə işıq üzü görmüş monoqrafiyası elmi ictimaiyyət üçün yeni və aktual olan bir mövzunun – Naxçıvan Muxtar Respublikasında topoqrafik obyekt adlarının tədqiqinə həsr olunub.
AzərTAc xəbər verir ki, alim öz ənənəvi tədqiqat üslubuna sadiq qalaraq topoqrafik obyekt adlarının həm tarixi, həm də linqvistik baxımdan tədqiq olunmasına eyni səviyyədə diqqət göstərib, urbanonimlərin dilimizin onomastik sisteminin öyrənilməsindəki əhəmiyyətini əsaslandırıb.
Tarixi mənbələrin diqqətlə araşdırıldığı əsərin “Məhəllə və meydan adları” adlanan bölməsində xüsusən Naxçıvan və Ordubad şəhərlərinin qədim məhəllə adları ilə yanaşı, müxtəlif sənət sahələri ilə məşğul olan ayrı-ayrı sənətkarların adı ilə çağırılan döngə adları da qeyd edilir ki, bu da hər iki şəhərin mühüm sənətkarlıq mərkəzi kimi formalaşdığını deməyə əsas verir. Bundan əlavə, XVIII əsrə aid məlumatlardan aydın olur ki, həmin dövrdə Naxçıvan şəhərində 5 bazar, 191 dükan, 21 dəyirman, 279 sənətkar emalatxanası, Ordubad şəhərində isə 1 böyük bazar, 210 dükan, 2 bəzirxana, 2 sabunxana, 5 dəyirman, 5 karvansara və Araz çayında 1 iskələ fəaliyyət göstərib. XIX əsrdə isə Naxçıvan şəhəri özündə 13 məhəlləni birləşdirən Əlixan, Şahab, Sarvanlar və Qurdlar adlı 4 böyük məhəlləyə bölünürdü.
Monoqrafiyada XVI əsrin sonundan XXI əsrədək olan dövrdə yalnız Naxçıvan şəhərində və rayon mərkəzlərində deyil, hətta bir sıra kəndlərdə də tədqiqatın əhatə etdiyi tarixi dövrdə mövcud olan 100-dək məhəllə, meydan və xiyaban adlarının geniş şərhi verilir. “Qısa urbanonimlər sözlüyü” adlanan bölməyə 700-dən artıq məhəllə, meydan, kənd mərkəzi, prospekt və küçə adları daxil edilib ki, bunların böyük bir qisminin tarixi-semantik səciyyəsi müəllif tərəfindən monoqrafiyada ətraflı izah olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanin_topoqrafik_obyekt_adlarinin_tarixi_ve_tedqiqine_dair_deyerli_eser-828125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR