Bakı , 12 sentyabr, AZƏRTAC
Avropa İttifaqının iqtisadi və maliyyə məsələləri üzrə komissarı Pyer Moskovisi bildirib ki, avropalı populistlərin təqdim etməyə çalışdıqlarından fərqli olaraq, Avropaya miqrantlar axını yalnız mənfi iqtisadi nəticələrə gətirib çıxara bilməz. P.Moskovisi Aİ ölkələrinin iqtisadiyyat və maliyyə nazirlərinin Lüksemburqda keçirilmiş qeyri-rəsmi müşavirəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında vurğulayıb: “Bu həm də, ilk növbədə immiqrantlara ehtiyacı olan ölkələrin çoxu üçün sanballı insan resursları deməkdir”.
O deyib ki, Avropa misli görünməmiş geniş miqyaslı böhranla üzləşib. Bu böhran, Avropaya, bizim dəyərlərə, Avropa konsepsiyasının özünə meydan oxumaqdır. Çox vaxt cəhalətdən xilas olmağa çalışan salamat qalmaq uğrunda mübarizə aparan qadınlardan və kişilərdən söhbət gedir.
Aİ komissarı deyib: “Bizim cavabımız humanist olmalıdır, çünki avropalı olmaq humanist olmaq deməkdir. Avropa ya humanistdir, ya da yoxdur. Bizim təklif etdiyimiz cavab ksenofobiya və millətçilik, qapıları çırpmaq, Şengen sazişini məhv etmək və ya beynəlxalq hüquqda nəzərdə tutulan qaçqın statusunu təhrif etmək ruhunda deyil, avropasayağı cavab olacaq”.
P.Moskovisi xatırladıb ki, Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker 160 min qaçqının Aİ ölkələri üzrə müntəzəm paylanması planını çərşənbə günü Avropa Parlamentinə təqdim edib.