95 il sonra Qubada cümə namazı qılındı

95 il sonra Qubada cümə namazı qılındı
11:09 29 Yanvar 2015
542 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik rayonlarından biri sayılan Qubada 95 illik fasilədən sonra cümə namazı qılınıb. Lent.az-ın Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytına istinadən məlumatına görə, bu barədə QMİ-nin Quba, Qusar və Xaçmaz rayonları üzrə Qazısı Hacı Naib Səttarov məlumat verib. Onun sözlərinə görə, mərasimdə yüzlərlə dindar iştirak edib: “Müqəddəs İslam dininin əsaslarını, milli və mənəvi dəyərlərimizi yüksək səviyyədə insanlara çatdırmaq üçün cümə namazlarının böyük önəmi var. Tarixən möminlər vilayəti kimi tanınan qədim Qubada sonuncu dəfə cümə namazı 1920-ci ildə, əslən Lənkərandan olan nüfuzlu din alimi Molla Hacıbaba Axund tərəfindən qılınıb. Axundun vəfatından və Allahsız sovet hökuməti qurulduqdan sonra bu mərasimi keçirmək mümkün olmayıb. Kommunist rejimi hər yerə olduğu kimi, Qubada da məscidləri insanların üzünə bağlayıb, tanınmış din xadimlərinə qarşı repressiyalar aparıb. Amma bütün qadağalara baxmayaraq sovet hökuməti İslam dininə olan sevgini insanların qəlbindən silə bilməyib”.

 

Hacı Naib Səttarov müstəqil dövlətimizin inanclı insanlar üçün hər cür şərait yaratdığını, Quba dindarlarının görülən bu işləri yüksək dəyərləndirdiklərini diqqətə çatdırıb: “Allah-Təala bizlərə Azərbaycanın müstəqilliyini və inkişafını görməyi nəsib etdi.  95 ildən sonra müqəddəs Qurani-Kərimin “Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın” ayəsinin hökmünə əsasən “Ərdəbil” məscidində dindarlarımızı cümə namazında bir araya gətirmək qismət oldu. Ağsaqqal dindarlarımızın, gənclərimizin iştirakı ilə reallaşan mərasim Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin göstəriş və tapşırıqları əsasında keçirildi. Moizə zamanı QMİ-nin hazırladığı  “Axund və imalar üçün xütbə nümunələri” kitabından istifadə edildi. İslam dinin hər iki məzhəbindən olan qardaşlarımız cümə namazında birlik nümayiş etdirdilər. 

Bütün bunlar Allah-Təalanın lütfü, dövlətimizin diqqət və qayğısı sayəsində mümkün olur. Qüdrətli Azərbaycanın hər yerində olduğu kimi, Qubamızda da böyük işlər görülür, xalqımız öz dini və milli-mənəvi dəyərlərinə sahib çıxır. Quba dindarları ölkənin qüdrətini daha da möhkəmləndirmək və inkişaf etdirmək üçün çalışan dövlət başçısına dəstək olmağa həmişə hazır olduqlarını bildirirlər. Rayonumuz həm də dini və etnik zənginliyi ilə fərqlənir. Qubada yaşayan digər dinlərin təmsilçiləri ilə aramızda həmişə mehriban münasibətlər olub. Təsadüfi deyil ki, rayonda heç vaxt dini zəmində qarşıdurma, ayrı-seçkilik müşahidə olunmayıb. Azərbaycandakı zəngin tolerantlıq ənənələrini inşallah bundan sonra da davam etdirməyə çalışacağıq. QMİ-nin din xadimləri üçün təşkil etdiyi Təkmilləşdirmə Kurslarında bununla bağlı bizə mühazirələr oxunub. Gündəlik fəaliyyətimizdə həmin dəyərli tövsiyələrdən yararlanırıq".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR