Bakı, 15 sentyabr, Nihat Budaqov, AZƏRTAC
ABŞ-ın gələn ildən ixracatçı kimi bazara girməsi Avropada təbii qaz qiymətlərinin ucuzlaşmasına səbəb olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn deyib. O bildirib ki, Türkiyə, Kipr, İsrail, Misir, İordaniya, Livan da daxil olmaqla Aralıq dənizinin şərq bölgəsindəki ölkələrin öz qaynaqlarından faydalanmaları məqsədilə yeni əməkdaşlığa və həmrəyliyə çatmaq üçün birlikdə əlaqələr qurulmalıdır.
Aralıq dənizinin şərqinin enerji təhlükəsizliyi baxımından mühüm bir bölgə olduğunu deyən A.Hokstayn qeyd edib ki, yeni kəşf olunan yataqlar əməkdaşlığı və həmrəyliyi artırmaq, sabitliyi, təhlükəsizliyi və rifahı dəstəkləmək üçün əhəmiyyətli bir vasitədir. Bölgədəki bütün ölkələr isə bu fürsəti dəyərləndirmək üçün əvvəlki qarşıdurmaların öhdəsindən gələcək addımlar atmalıdırlar.